Hissə-hissə ödəniş şərti ilə bağlanmış satış müqaviləsinin ləğv edilməsi hansı hallarda mümkündür?
Hissə-hissə ödəniş (taksit) ilə məhsul alan vətəndaşlar sonradan müxtəlif səbəblərdən müqaviləni ləğv etmək və ya məhsulu geri qaytarmaq istəyə bilirlər. Lakin belə hallarda müqavilənin ləğvi hər zaman mümkün olmur və bu, həm qanunvericiliyin tələblərindən, həm də müqavilədə əks olunan şərtlərdən asılıdır. Bəs hissə-hissə ödəniş şərti ilə bağlanmış satış müqaviləsi hansı hallarda ləğv edilə bilər və istehlakçının bu sahədə hüquqları nələrdir?
Mövzu ilə bağlı Operativ Media-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov danışıb.
O bildirib ki, taksitli satış müqaviləsinin ləğv edilməsi ilk növbədə müqavilədə nəzərdə tutulan şərtlərdən asılıdır. Əgər müqavilədə ləğv halları göstərilibsə, həmin şərtlərə uyğun olaraq müqaviləyə xitam vermək mümkündür:
“Bununla yanaşı, müqavilənin hansı məqsədlə bağlanması da mühüm əhəmiyyət daşıyır. Əgər məhsul istehlakçı tərəfindən şəxsi istifadə üçün alınıbsa, qanunvericiliyə əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, istehlakçı 14 gün ərzində müqavilədən imtina edə bilər. Lakin bu hüquq bütün mallara şamil edilmir. Məsələn, ərzaq məhsulları kimi bəzi malların geri qaytarılması mümkün deyil.
Əgər məhsuldan artıq istifadə olunubsa və müqavilədə bununla bağlı xüsusi şərt yoxdursa, alıcı istədiyi vaxt müqaviləni birtərəfli qaydada ləğv edə bilməz. Məsələn, bir il istifadə edilmiş telefonun geri qaytarılması və ödənilmiş məbləğin tələb edilməsi hüquqi baxımdan mümkün hesab edilmir. Belə hallarda müqavilənin ləğvi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında baş tuta bilər”.