Qırmızı və yaşıl bibərin qiymət fərqi nə ilə bağlıdır?
Bazarlarda eyni bitkinin müxtəlif yetişmə mərhələlərində əldə olunan qırmızı və yaşıl bibər arasında ciddi qiymət fərqi müşahidə olunur. Hazırda yaşıl bibərin kiloqramı təxminən 1 manata satıldığı halda, qırmızı bibərin qiyməti 3 manat civarındadır. Bəs eyni bitkinin məhsulları arasında bu qədər böyük qiymət fərqinin yaranmasına nə səbəb olur? Yaxın aylarda qırmızı bibərin qiymətində ucuzlaşma gözlənilirmi?
Mövzu ilə bağlı Operativ Media-ya Liberal İqdisadçılar Mərkəzinin sədri Akif Nəsirli danışıb.
O bildirib ki, qırmızı və yaşıl bibər eyni bitkinin müxtəlif yetişmə mərhələsində olan məhsullarıdır. Onların qiymətlərinin fərqlənməsinin əsas səbəbləri isə yetişdirmə müddəti, istehsal xərcləri və bazara çıxarılan məhsulun həcmidir:
“Yaşıl bibər daha tez yığıldığı üçün fermer daha qısa müddətdə məhsul əldə edir. Qırmızı bibərin isə tam yetişməsi üçün bitkinin üzərində daha uzun müddət qalması tələb olunur. Bu müddət ərzində suvarma, qulluq və digər istehsal xərcləri davam edir. Eyni zamanda məhsulun zədələnməsi və xarab olması riski də artır.
Bundan başqa, qırmızı bibərin bazara çıxarılan həcmi yaşıl bibərlə müqayisədə daha az ola bilər. Təklifin azalması və tələbatın nisbətən yüksək olması qiymət fərqinin yaranmasına təsir göstərir. Yetişdirilmə prosesində məhsuldarlıq və hava şəraiti də mühüm rol oynayır. İsti hava, su çatışmazlığı və müxtəlif xəstəliklər məhsulun həcminə təsir göstərdikdə qiymətlərin yüksəlməsi mümkündür.
Yaxın aylarda qırmızı bibərin qiymətinin necə dəyişəcəyi əsasən bazara daxil olan məhsulun həcmindən asılı olacaq. Yerli istehsal artarsa və təklif çoxalarsa, qiymətin müəyyən qədər aşağı düşməsi mümkündür. Xüsusilə mövsümi məhsul bazara daha böyük həcmdə daxil olduqda hazırkı 3 manatlıq qiymətdə müəyyən ucuzlaşma ehtimalı var.
Lakin qiymətin qısa müddətdə yaşıl bibərin səviyyəsinə, yəni təxminən 1 manata düşməsi real görünmür. Çünki qırmızı bibərin yetişdirilməsi daha uzun müddət tələb edir, istehsal xərcləri yüksəkdir və bazardakı təklif həcmi də fərqlidir. Bu səbəbdən daha real ssenari qiymətin bir müddət yüksək səviyyədə qalması, təklif artdıqca isə tədricən aşağı düşməsidir”.