DSX-də Anım Günü ilə bağlı tədbirlər keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Bu barədə Operativ Media-ya DSX-dən məlumat verilib.
Xidmətin rəhbər heyəti Vətən müharibəsinin altıncı ildönümündə Hərbi Memorial Məzarlıqda Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, Zəfər parkında abidəni ziyarət ediblər.
Anım tədbirlərinin davamında DSX-nin Aparatında Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətindən danışılıb, hərbçilərin döyüş meydanında nümayiş etdirdikləri şücaət, mərdlik və fədakarlığın xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrindən biri olduğu bildirilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyi, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu xüsusi qeyd edilib.
Bildirilib ki, Vətən müharibəsində sərhədçilər üzərlərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirib, torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstəriblər.
Tədbirin sonunda şəxsi heyətə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
dəqiqələr içində saytın olsun.