Menyu

“Hamının işi – heç kimin işi”: İctimai məsuliyyətsizlik epidemiyası - TƏHLİL

Ayşən Sadıxzadə
“Hamının işi – heç kimin işi”: İctimai məsuliyyətsizlik epidemiyası - TƏHLİL

Ailəsində, öz evinin içində həddən artıq diqqətli və məsuliyyətli olan insanların qapıdan kənara çıxan kimi tamamilə fərqli yanaşma sərgiləməsi cəmiyyətin diqqətçəkən ziddiyyətlərindən biridir. Öz mənzilində kiçik bir tozu belə gözdən qaçırmayan insan yaşadığı binanın blokundakı, həyətindəki və ya gəzdiyi parkdakı problemlərə qarşı təəccüblü dərəcədə laqeyd qala bilir. Bir çox hallarda hamıya aid olan məsələləri heç kimə aid olmayan problem kimi qəbul edirik.

Nəticədə, kağız üzərində hamının işi sayılan məsələ real həyatda heç kimin işinə çevrilir.

Bu davranışın arxasında hansı psixoloji və sosial səbəblər dayanır? İnsan niyə öz evində göstərdiyi məsuliyyəti ictimai məkanda eyni şəkildə nümayiş etdirmir? Ümumi əmlaka münasibətdə vətəndaşların hüquq və öhdəlikləri nələrdir?

Operativ Media xəbər verir ki, deputat Pərvanə Vəliyeva isə ictimai məkanlara qarşı vandalizm hallarının səbəblərinə diqqət çəkib.

“İctimai məkanlara qarşı vandalizm nə sosial problemlərin nəticəsidir, nə də psixoloji pozuntudur. Bu, davranış pozuntusudur (conduct disorder).

Parkdakı skamyanın sındırılması, uşaq meydançasının zədələnməsi, divarlara yazı yazılması, ictimai nəqliyyat vasitələrinin və digər ümumi istifadədə olan obyektlərin korlanması ilk baxışdan sadə vandalizm aktı kimi görünə bilər. Lakin bu davranışın arxasında daha mürəkkəb səbəblər dayanır. Elmi araşdırmalar bu suallara bir səbəblə cavab vermir. Əksinə, davranışın formalaşmasında bir neçə amilin qarşılıqlı təsirini göstərir.

Ailə mühüm amildir, amma yeganə səbəb deyil. 2009-cu ildə Machteld Hoeve və həmkarlarının apardığı geniş meta-analizdə 161 nəşr olunmuş və nəşr olunmamış iş və 119 müstəqil tədqiqat nəzərdən keçirilib. Araşdırma valideynlik xüsusiyyətləri ilə yeniyetmələrin hüquqazidd davranışları arasında statistik əlaqə olduğunu göstərib. Xüsusilə valideyn nəzarətinin zəif olması, uşağın rədd edilməsi, ona qarşı düşmən münasibət və laqeydlik daha yüksək səviyyəli hüquqazidd davranışlarla əlaqələndirilib. Bununla belə, müəlliflər valideynlik amillərinin yalnız davranışdakı dəyişkənliyin bir hissəsini izah etdiyini bildirib.

Bunda xüsusilə yeniyetməlik dövründə həmyaşıdların təsiri böyük əhəmiyyət daşıyır. Yeniyetmə üçün bəzən əsas motiv obyektin özünü dağıtmaq deyil, qrupa aid olmaq, diqqət çəkmək, status qazanmaq və ya dostlarının gözündə “cəsarətli” görünmək ola bilər.

Vandalizm və oğurluq da daxil olmaqla deviant davranışları araşdıran başqa bir tədqiqatda 235 yeniyetmənin davranışı və onların yüksək statuslu həmyaşıd qrupları haqqında təsəvvürləri öyrənilib. Tədqiqat yeniyetmələrin bəzi hallarda yüksək statuslu həmyaşıdların pis davranışlarını təkrarladığını göstərir. “Başqaları bunu edir” düşüncəsi davranışın normal görünməsinə, fərdi məsuliyyət hissinin azalmasına və davranışın təkrarlanmasına gətirib çıxarır.

Burada “ictimai mülkiyyət” anlayışının özü də əhəmiyyətlidir. İnsan öz evindəki əşyaya daha güclü sahiblik hissi keçirir. Amma parkdakı skamya və ya küçədəki zibil qutusu konkret olaraq heç kimin şəxsi əmlakı deyil. “Mənim deyilsə, deməli, mənim məsuliyyətim də deyil” kimi fikir formalaşır. Halbuki ictimai əmlak, əslində hamının ortaq əmlakıdır.

Bu kimi hallar cəmiyyətimizdə yaşanmasın deyə, ictimai və sosial məsuliyyət artırılmalıdır. İlk öncə, ailədə sosial məsuliyyət hissi formalaşdırılmalıdır. Uşağa “Bu hamımızındır” düşüncəsini aşılamaqla ictimai mülkiyyətə qarşı həssaslıq yaratmalıyıq. Daha sonra məktəblərdə şagirdlərin ictimai yerlərin qorunmasında iştirak etməsi, məsələn, məktəb və məhəllə ətrafında ekoloji və sosial layihələrdə iştirak etməsi aidiyyət hissini gücləndirə bilər. İctimai məkanlarımızda da inzibati nəzarət tədbirlərinin gücləndirilməsi insanlarda məsuliyyət hissini artıra bilər.

Eyni zamanda, sualınıza uyğun qeyd etmək istərdim ki, bu kimi davranışlar kütləvi normaya çevrilə bilməz, çünki cəmiyyətin özü buna icazə verməz. Dəfələrlə şahidi olmuşuq ki, cəmiyyət tərəfindən bu kimi hallar etirazla qarşılanır və qınanılır.

İctimai məkanların qorunması yalnız qanun və cərimə məsələsi deyil. Bu, ailənin verdiyi tərbiyədən, məktəbin formalaşdırdığı dəyərlərdən, həmyaşıd qruplarının təsirindən və cəmiyyətin müəyyən etdiyi sosial normalardan başlayır. İctimai qınaq da bu sistemin bir hissəsi kimi yanlış davranışın normallaşmasının qarşısını alan mühüm tərbiyə amilidir”.

Deputat Aydın Mirzəzadə isə ictimai məkanlara münasibətin cəmiyyətin dəyərləri ilə sıx bağlı olduğunu bildirib.

Önəmli olan odur ki, ictimai məkanlara müsbət münasibət cəmiyyətdə həddən artıq böyükdür. Nəsildən-nəslə keçən dəyərlər, həmin dəyərlərin qorunması, insanlara diqqət və qarşılıqlı hörmət bizim milli mentalitetimizin əsas xüsusiyyətlərindən biridir. İctimai məkanlar da əslində bu dəyərlərin cəmiyyətdə necə yaşadıldığını göstərən mühüm göstəricilərdən hesab olunur.

İctimai məkanlara münasibət yalnız həmin ərazilərin təmiz saxlanılması və ya oradakı qaydalara əməl olunması ilə məhdudlaşmır. Burada insanların bir-birinə münasibəti, başqalarının rahatlığını nəzərə alması, ümumi istifadə üçün nəzərdə tutulan əmlaka və əraziyə məsuliyyətlə yanaşması da mühüm rol oynayır. Çünki park, küçə, meydan, həyət və digər ictimai məkanlar yalnız müəyyən şəxslərə deyil, bütövlükdə cəmiyyətə xidmət edən ərazilərdir.

Bu baxımdan cəmiyyətin ictimai məkanlara hörmətlə yanaşması olduqca vacibdir. İnsan özünə aid olmayan əraziyə də öz şəxsi məkanı kimi yanaşdıqda, orada səliqəni, qaydanı və qarşılıqlı hörməti qoruduqda bu, ümumi mədəniyyətin göstəricisinə çevrilir. Eyni zamanda belə münasibət gələcək nəsillərə də ötürülən bir davranış modelidir.

Hesab edirəm ki, məhz nəsildən-nəslə ötürülən bu dəyərlər bizi qoruyub saxlayan əsas amillərdəndir. Cəmiyyətin ictimai məkanlara münasibəti həm də ölkənin ümumi mədəni simasını formalaşdırır. Zaman-zaman adımızı yüksəldən, bizi fərqləndirən məsələlərdən biri də insanların ümumi dəyərlərə və ictimai həyata münasibətidir”.

Psixoloq Günel Allehverdiyeva məsələni insanın şəxsi məkanı ilə ictimai məkan arasındakı psixoloji fərqlə izah edib.

“Biz öz evimizdə davranışımızın nəticəsini çox aydın şəkildə görürük. Evdə qoyduğumuz əşyanın yerində olmaması, yaranan qarışıqlıq və ya hər hansı bir problemin həlli birbaşa bizim üzərimizə düşür. Buna gör də şəxsi məkanımızla aramızda daha güclü psixoloji bağlılıq yaranır.

İctimai və ümumi məkanlarda isə bu bağlılıq bir qədər zəifləyə bilir. Məsələn, insan öz otağına zibil atmağı təsəvvür belə etməz, amma eyni adam küçədə kiçik bir kağız parçasını yerə atarkən bunu ciddi problem kimi qəbul etməyə bilər. Burada məsələ yalnız təmizlik vərdişi deyil. İnsan həmin məkanı özünün şəxsi məsuliyyət sahəsi kimi görməyəndə davranışına verdiyi qiymət də dəyişir.

“Başqası edər” düşüncəsi də məhz belə bir psixoloji məsafədən qidalana bilər. İnsan öz-özünə “bu mənim vəzifəm deyil” dedikdə məsuliyyəti özündən uzaqlaşdırır. Ətrafında başqa insanların olması isə bu düşüncəni daha da gücləndirə bilər. Çünki insan düşünür ki, bu məsələ ilə məşğul ola biləcək kifayət qədər başqa şəxslər var.

Burada maraqlı bir paradoks yaranır: hər kəs başqasının məsuliyyət daşıdığını düşündükdə, nəticədə heç kim konkret məsuliyyəti öz üzərinə götürmür.

Bu davranışın formalaşmasında uşaqlıqdan əldə etdiyimiz sosial təcrübələrin də rolu var. Uşaq yalnız “öz əşyanı qoru” mesajını deyil, “başqasının əşyasına toxunma”, “ümumi istifadə olunan əşyaya diqqətli yanaş” kimi prinsipləri də öyrənməlidir. Daha vacibi isə böyüklərin bu qaydaları necə tətbiq etdiyini görməsidir.

Məsələn, valideyn evdə uşağa “zibili yerə atmaq olmaz” deyir, lakin küçədə özü bu qaydaya əməl etmirsə, uşağın aldığı real mesaj sözlərdən fərqli olur. Uşaqlar sosial davranışları çox vaxt nəsihətdən daha çox müşahidə yolu ilə mənimsəyirlər.

Sosial mühitdə müşahidə olunan davranışlar insanın öz davranışına münasibətini də dəyişə bilər. Bir məkanda qaydalara əməl etmək adi haldırsa, fərd bu normaya daha asan uyğunlaşır. Əksinə, qayda pozuntuları adi vəziyyətə çevrilibsə, “hamı belə edir” düşüncəsi ilə öz davranışına bəraət qazandıra bilər.

Bu səbəbdən ümumi məkanlarda məsuliyyətsiz davranışı yalnız tərbiyə məsələsi kimi qiymətləndirmək doğru deyil. Burada insanın böyüdüyü mühit, ətrafında olduğu insanların davranışları, qaydalara münasibəti və öz hərəkətlərinin başqalarına təsirini nə dərəcədə nəzərə alması da mühüm rol oynayır.

Burada vacib olan insanın “bu mənim deyil” düşüncəsindən “bu hamımızındır” düşüncəsinə keçməsidir. Çünki ümumi məkan yalnız kiminsə istifadəsində olan ərazi deyil, hər gün paylaşdığımız sosial mühitdir. İnsan özünü həmin mühitin bir hissəsi kimi gördükdə, onu qorumaq və öz davranışına görə məsuliyyət daşımaq ehtiyacı da güclənir.

Əslində, ictimai mədəniyyət çox sadə seçimlərdən yaranır: istifadə etdiyimiz yeri necə qoyuruq, başqasının rahatlığını nəzərə alırıqmı, ümumi əmlaka necə münasibət göstəririk, problem görəndə “mənə aid deyil” deyirik, yoxsa öz payımıza düşən məsuliyyəti qəbul edirik?

Bu baxımdan “başqası edər” düşüncəsinin qarşısında ən sağlam psixoloji mövqe “mənim də burada məsuliyyətim var” yanaşmasıdır. Çünki cəmiyyət dediyimiz anlayış ayrı-ayrı insanların gündəlik davranışlarının birləşməsindən yaranır”.

Sosial və ailə məsələləri üzrə müstəqil araşdırmaçı-ekspert Ramal Əliyev isə bildirir ki, insan sosial varlıqdır və cəmiyyət daxilində davranarkən yalnız öz istəyini deyil, qarşı tərəfi, ətraf mühiti, ictimai məkanı və ümumi sosial mühiti də nəzərə almalıdır.

Onun sözlərinə görə, insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri əxlaq anlayışının olmasıdır. Əxlaq insanın digər insanlara, ətraf mühitə və cəmiyyətə münasibətini müəyyən edən davranış kodeksidir.

“İnsan “mən nə istəyirəm, necə istəyirəm, elə də yaşayıram” prinsipi ilə cəmiyyət daxilində yaşaya bilməz. Çünki hər bir cəmiyyətin, hər bir toplumun əsrlər boyu formalaşmış milli adət-ənənələri, etik, mənəvi və əxlaqi dəyərləri var. Cəmiyyət daxilində hansı davranışın məqbul, hansının isə qəbuledilməz olması barədə formalaşmış təsəvvürlər mövcuddur.

İnsan öz davranışında yaşadığı cəmiyyətin oturuşmuş dəyərlərini və əxlaqi qaydalarını nəzərə almalıdır. Əks halda, fərdi davranış cəmiyyətdə narazılığa, qarşıdurmaya və aqressiyaya səbəb ola bilər. Bəzi hallarda isə bu qarşıdurmalar daha ciddi nəticələrə gətirib çıxara bilər.

Bir cəmiyyətdə həmin sosial mühitə uyğun olmayan davranış ilk dəfə ortaya çıxanda adətən ciddi etiraz və təpki ilə qarşılanır. Lakin həmin davranış zaman keçdikcə təkrarlanır və geniş yayılmağa başlayırsa, cəmiyyətin ona reaksiyası da tədricən dəyişir.

Əvvəlcə insanlar etiraz edir. Sonra həmin davranışa diqqət azalır. Daha sonra cəmiyyət bu davranışa müəyyən maraq göstərməyə başlayır və əvvəlki qədər kəskin reaksiya vermir. Nəhayət, davamlı şəkildə təkrarlanan və əvvəlcə qəbuledilməz hesab olunan davranış müəyyən sosial qruplar arasında adi hala çevrilə, zamanla isə kütləvi sosial normaya çevrilə bilər.

Mənfi sosial tendensiyaların təhlükəsi də məhz buradadır. Çünki bir çox hallarda cəmiyyəti dəyişdirən yalnız böyük hadisələr deyil, gündəlik həyatda təkrar olunan kiçik davranışlardır.

Ona görə də insan cəmiyyət daxilində öz davranışlarına məsuliyyətlə yanaşmalıdır. Hər birimiz bilməliyik ki, bu gün etdiyimiz və adi hesab etdiyimiz bir davranış sabah başqaları tərəfindən təkrarlana və müəyyən müddətdən sonra cəmiyyətin qəbul etdiyi davranış formasına çevrilə bilər.

Xüsusilə mühafizəkar və ənənəvi dəyərlərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə müxtəlif xarici mədəni və ideoloji təsirlərin necə qəbul edildiyinə diqqətlə yanaşmaq lazımdır. Xaricdən gələn hər bir tendensiyanı avtomatik olaraq müsbət və ya mənfi hesab etmək əvəzinə, onun cəmiyyətin milli-mənəvi dəyərlərinə, sosial münasibətlərinə və ictimai davranışlarına təsirini təhlil etmək vacibdir.

Çünki cəmiyyətin gələcək sosial norması bu gün bizim adi hesab etdiyimiz davranışlardan formalaşır”.

Ramal Əliyev ictimai məkanlarda davranış mədəniyyətinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Onun sözlərinə görə, istər kafelər və restoranlar, istər ictimai nəqliyyat, istər prospekt və küçələr, istərsə də market və mağazalar olsun, insan bu məkanlarda davranışına diqqət yetirməlidir.

“Təəssüflər olsun ki, hələ də ictimai məkanlarda zibili zibil qutusuna atmayan vətəndaşlarımız var. Eyni zamanda, dövlət qurumlarında, marketlərdə və digər ictimai yerlərdə növbə mədəniyyətinə əməl etməyən insanlara da rast gəlirik.

Halbuki ictimai məkanlara münasibət əslində insanın ümumi mədəniyyətinin göstəricilərindən biridir. Öz evimizi necə təmiz və səliqəli saxlamağa çalışırıqsa, cəmiyyətin ümumi istifadəsində olan məkanlara da eyni məsuliyyətlə yanaşmalıyıq.

Növbəyə riayət etmək, ətrafı çirkləndirməmək, ictimai nəqliyyatda digər sərnişinləri nəzərə almaq, yaşlılara və ehtiyacı olan insanlara yer vermək – bunların hər biri cəmiyyət olaraq gündəlik davranış mədəniyyətimizin tərkib hissəsidir.

Ona görə də ictimai məkanlarda davranış mədəniyyətinin formalaşdırılması istiqamətində daha çox iş aparılmasına ehtiyac var. Bu mədəniyyət yalnız inzibati qaydalarla deyil, ilk növbədə ailədə, məktəbdə və cəmiyyətdə verilən tərbiyə ilə formalaşır.

Çünki ictimai məkan bizim hamımızındır. Oraya münasibətimiz isə əslində özümüzə və bir-birimizə münasibətimizi göstərir”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər