Menyu

Azərbaycanda hansı cinayətlərə görə ömürlük həbs cəzası verilir? – RƏSMİ

Xəbərlər redaksiyası
Azərbaycanda hansı cinayətlərə görə ömürlük həbs cəzası verilir? – RƏSMİ

Azərbaycanda bir sıra xüsusilə ağır cinayətlərə görə şəxslər 12 ildən 20 ilədək azadlıqdan məhrum edilə, bəzi hallarda isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərlər.

Operativ Media xəbər verir ki, ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulan əməllər sırasında təcavüzkar müharibənin aparılması, soyqırım və əhalinin bütövlükdə və ya qismən məhv edilməsi kimi cinayətlər yer alır.

Təcavüzkar müharibənin aparılması 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər.

Hər hansı milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığına və ya əqli qabiliyyətinə ciddi zərər vurma, fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, doğumların qarşısının alınmasına yönəlmiş tədbirlər görmə və uşaqları zorla başqa qrupa keçirmə də ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bu əməllərə görə 14 ildən 20 ilədək həbs və ya ömürlük həbs nəzərdə tutulur.

Soyqırımı əlamətləri olmadan əhalini bütövlükdə və ya qismən məhv etmə də 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.

İnsanlara qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və digər cinsi zorakılıq əməllərinin törədilməsi, eləcə də müəyyən hallarda zorla hamilə edilmiş qadının qanunsuz azadlıqdan məhrum edilməsi 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin qəsdən öldürülməsinə görə də 14 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Həmin şəxslərin beynəlxalq hüquqa zidd olaraq həbs edilməsi və ya digər formada azadlıqdan məhrum olunması, eləcə də prosessual hüquqlardan məhrum edilməsi isə 10 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.

Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmək və ya bu istiqamətdə bilə-bilə cinayətkar əmr və sərəncam vermək də 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər.

Milli, irqi və ya dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürmə, həmçinin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilən müəyyən ağır əməllər üçün 14 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Dövlətə xəyanət də ömürlük həbs cəzası ilə nəticələnə bilən cinayətlər sırasındadır. Azərbaycan vətəndaşının ölkənin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə düşmən tərəfinə keçməsi, casusluq etməsi, dövlət sirrini xarici dövlətə verməsi və ya xarici dövlətə düşmənçilik fəaliyyətində kömək göstərməsi 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Silahlı qüvvələrdən və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə edilməsi ağır nəticələrə səbəb olduqda 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Dövlət və ya ictimai xadimin, eləcə də xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, yaxud həmin fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd, yəni terror aktı törətmə də 14 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanılmasına, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası yaradır.

Konstitusiya quruluşunun, o cümlədən dövlətin dünyəvi xarakterinin zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına və ya hakimiyyətin zorla ələ keçirilməsinə yönələn əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə isə cəza 15 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmədir.

Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, onların fəaliyyətində iştirak və ya belə qrupların silah, döyüş sursatı və hərbi texnika ilə təchiz edilməsi 3 ildən 8 ilədək, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində törədildikdə isə 6 ildən 10 ilədək həbs cəzası ilə nəticələnir. Həmin birləşmələrin tərkibində müəssisələrə, təşkilatlara və ya şəxslərə basqın zamanı insanların həlak olması və ya digər ağır nəticələrin yaranması halında cəza 12 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə ola bilər.

Nəhayət, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya ölkənin ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmək və ya qiyamda fəal iştirak etmək də 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər