Onlayn satışda vergi qaydaları: Vergi kimlərə şamil olunur?
Vergi Məcəlləsinə əsasən, gəlir əldə edən mikro sahibkarlarla bağlı müəyyən güzəştlər var və bu güzəştlər Vergi Məcəlləsində öz əksini tapıb. Məcəllədə nəzərdə tutulan siyahı üzrə fəaliyyət göstərən mikro sahibkarlar 75 faiz güzəştdən faydalanırlar. Bu da əldə edilən gəlirin 5 faizi həcmində vergi ödənilməsi deməkdir.
Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.
O bildirib ki, amma burada onlayn və evdən satış edənlərlə bağlı məqam ondan ibarətdir ki, əgər vətəndaş vergi ödəyicisi kimi qeydiyyatdan keçib və öz məhsullarını internet üzərindən satırsa, bu halda vergiyə cəlb olunur və vergi ödəyir:
“Amma vergi ödəyicisi kimi qeydiyyatdan keçməyibsə, sadəcə müəyyən məhsulların və ya xidmətlərin təqdimatını həyata keçirirsə, burada əslində vergiyə cəlb edilmə mexanizmi yoxdur. Çünki vergiyə cəlb edilməsi üçün satış həyata keçirən vətəndaşın vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi, yəni VÖEN-ə malik olması qanuni tələblərdən biridir.
Əgər söhbət kiçik həcmli fəaliyyətdən, məsələn, müəyyən məhsulların satışı və ya təklifindən, yaxud istifadə olunmuş məhsulların satışından gedirsə, bu halda VÖEN olmadığı üçün həmin şəxs vergiyə cəlb olunmur”.
