Kənd təsərrüfatı məhsullarının istehsalı artır, bəs qiymətlər niyə ucuzlaşmır?
Kənd təsərrüfatı məhsullarının istehsalının artması avtomatik olaraq qiymətlərin ucuzlaşması demək deyil. Bunun üçün bazara çıxarılan məhsulun real həcmi ilə yanaşı, həmin məhsula olan tələb, istehsal xərcləri və məhsulun istehsalçıdan istehlakçıya hansı marşrutla çatması da nəzərə alınmalıdır. Fermer daha çox məhsul istehsal etsə də, gübrə, toxum, pestisid, suvarma, yanacaq, əməkhaqqı və texnika xərcləri yüksəkdirsə, məhsulu çox ucuz qiymətə satmaq imkanında olmur.
Bu sözləri Operativ Media-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, digər mühüm məsələ məhsulun tarladan bazara qədər keçdiyi zəncirdir. Fermerdən məhsulu alan tədarükçü, topdansatışçı, distribyutor, bazar və mağaza hər biri öz xərclərini və mənfəət marjasını qiymətə əlavə edir. Buraya daşınma, yanacaq, anbar, soyuducu kameralar, işçi xərcləri, bazar və mağaza xərcləri, həmçinin məhsulun xarab olaraq itkiyə getməsi daxildir. Nəticədə fermerin aldığı qiymətlə istehlakçının ödədiyi qiymət arasında ciddi fərq yaranır:
“Bu fərqin hamısını "satıcıların qazancı" kimi qiymətləndirmək də düzgün olmaz. Fərqin müəyyən hissəsi real logistika və ticarət xərclərinə gedir. Amma bəzi hallarda vasitəçilərin çoxluğu və bazarda rəqabətin zəif olması qiymət fərqini əsassız şəkildə böyüdə bilər. Xüsusilə fermerin məhsulunu saxlamaq və birbaşa bazara çıxarmaq imkanı yoxdursa, o, məhsulu tez xarab olmamış satmaq məcburiyyətində qalır və daha aşağı qiymətlə razılaşır.
Məsələn, fermer pomidoru 1 manata satırsa, bu o demək deyil ki, mağaza onu 1 manata satmalıdır. Daşınma, çeşidləmə, qablaşdırma, itkilər, icarə, əməkhaqqı və digər xərclər əlavə olunur. Amma son satış qiyməti 2-3 dəfə və ya daha çox yüksəlirsə, burada artıq qiymət zəncirinin hansı mərhələsində nə qədər marja formalaşdığını araşdırmaq lazımdır.
Əsl problem məhsulun istehsalının artırılmasından daha çox, istehsalçı ilə istehlakçı arasındakı zəncirin səmərəliliyidir. Fermerin kooperativlər vasitəsilə birləşməsi, soyuducu anbarların və logistika mərkəzlərinin artırılması, topdansatış bazarlarının daha şəffaf işləməsi və birbaşa satış kanallarının genişləndirilməsi bu fərqi azalda bilər.
Yəni kənd təsərrüfatında əsas məsələ təkcə "daha çox istehsal etmək" deyil, istehsal olunan məhsulun istehlakçıya daha az xərc və daha az vasitəçi ilə çatdırılmasıdır. Əks halda istehsal artır, bazarda məhsul bolluğu yaranır, amma fermer aşağı qiymətə satır, istehlakçı isə yüksək qiymət ödəməyə davam edir”.
dəqiqələr içində saytın olsun.