Menyu

Bakı və Daşkənd müttəfiqliyi dərinləşdirir – Şərh

Ayşən Sadıxzadə
Bakı və Daşkənd müttəfiqliyi dərinləşdirir – Şərh

Özbəkistan Mərkəzi Asiyanın böyük potensiala malik, əhalisinin sayına və iqtisadi imkanlarına görə regionun aparıcı dövlətlərindən biridir. Mərkəzi Asiyanın lider ölkələrindən olan Özbəkistanla Azərbaycanın münasibətlərinin mövcud potensialdan maksimum və düzgün istiqamətdə istifadə olunmaqla daha da inkişaf etdirilməsi vacibdir.

Bu sözləri Operativ Media-ya siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanla Özbəkistanı bir-birinə bağlayan çoxsaylı amillər var. Hər iki ölkə türk dövlətidir və Türk Dövlətləri Təşkilatının üzvüdür. Dil, mədəniyyət və tarixi bağlarla yanaşı, iki ölkə arasında siyasi baxımdan da yüksək səviyyəli qarşılıqlı etimad formalaşıb. Demək olar ki, münasibətlərin inkişafına maneə yarada biləcək fundamental fikir ayrılığı yoxdur:

“Xüsusilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar olduqca əhəmiyyətlidir. Əgər əvvəllər Azərbaycan-Özbəkistan münasibətləri əsasən siyasi dialoq, qarşılıqlı səfərlər və müzakirələrlə xarakterizə olunurdusa, hazırda əlaqələr strateji tərəfdaşlıq mərhələsini də geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlir. İki ölkə arasında əbədi dostluq və müttəfiqlik münasibətlərinin təsbit olunması bu baxımdan mühüm siyasi hadisədir.

Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Özbəkistanın mövqeləri arasında qarşılıqlı anlaşma və dəstək müşahidə olunur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanın həyata keçirdiyi layihələr və göstərdiyi dəstək də iki ölkə arasındakı münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını nümayiş etdirir.

Lakin bütün bunlar əməkdaşlığın son həddi deyil. Qarşıda görüləsi kifayət qədər iş var. Xüsusilə iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə mövcud potensialdan daha geniş istifadə edilməlidir.

Bununla yanaşı, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində koordinasiyanın gücləndirilməsi müasir geosiyasi reallıqlar fonunda mühüm istiqamətlərdən birinə çevrilir. Bu baxımdan gələcəkdə Qazaxıstanın da regional təhlükəsizlik və müdafiə əməkdaşlığının daha fəal iştirakçısına çevrilməsi əhəmiyyətli ola bilər.

Azərbaycan və Özbəkistanın mövcud siyasi iradəsi, strateji mövqeyi və hərbi potensialı iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində daha geniş əməkdaşlığın formalaşdırılması üçün ciddi imkanlar yaradır. Mərkəzi Asiyanın digər dövlətləri ilə müqayisədə Azərbaycanın Özbəkistanla hərbi-siyasi əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş perspektivləri mövcuddur.

Belə bir əməkdaşlığın inkişafı yalnız Azərbaycan və Özbəkistanın maraqlarına xidmət etməz. Bu, eyni zamanda Mərkəzi Asiya dövlətləri arasında inteqrasiyanın güclənməsinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsinə və türk dövlətləri arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin daha yüksək səviyyəyə çatmasına mühüm töhfə verə bilər.

Azərbaycan-Özbəkistan münasibətləri bu baxımdan yalnız iki ölkənin ikitərəfli əlaqələri deyil, daha geniş regional inteqrasiyanın mühüm hərəkətverici qüvvələrindən biri kimi çıxış edə bilər. İki ölkə arasında formalaşan yüksək səviyyəli etimad və əməkdaşlıq digər türk dövlətləri arasında da daha sıx və hərtərəfli münasibətlərin inkişafına təkan verə biləcək mühüm amildir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər