Menyu

Toydan yasadək: dəyişən həyat tərzimiz milli adətlərimizi necə dəyişir? - TƏHLİİL

Ayşən Sadıxzadə
Toydan yasadək: dəyişən həyat tərzimiz milli adətlərimizi necə dəyişir? - TƏHLİİL

Azərbaycan xalqının milli kimliyini və mənəvi yaddaşını yaşadan əsas amillərdən biri əsrlər boyu formalaşan adət-ənənələrimizdir. Toydan yasa, elçilikdən nişana, xınayaxdıdan gəlin qarşılanmasına, böyüyün xeyir-duasından qonaqpərvərlik ənənəsinə qədər bir çox mərasim və davranış qaydaları xalqımızın həyat tərzinin ayrılmaz hissəsini təşkil edib. Bu adətlər təkcə müəyyən mərasimlərin necə keçirilməsini müəyyənləşdirməyib, eyni zamanda ailə, qohumluq, qonşuluq və cəmiyyət daxilində münasibətlərin formalaşmasına da təsir göstərib.

Lakin cəmiyyət inkişaf etdikcə həyat tərzi də dəyişir. Şəhərləşmə, ailə strukturunun dəyişməsi, insanların gündəlik həyatının sürətlənməsi, texnologiyanın və sosial medianın həyatımıza daxil olması, qloballaşma və iqtisadi amillər milli adət və mərasimlərə də təsirsiz ötüşmür. Bir vaxtlar günlərlə davam edən toy mərasimləri indi əsasən bir neçə saatlıq tədbirlərlə əvəzlənir. Əvvəllər ailələrin, qohumların və qonşuların kollektiv şəkildə iştirak etdiyi hazırlıqların böyük hissəsi bu gün müxtəlif xidmətlər vasitəsilə həyata keçirilir. Yas mərasimlərində də oxşar dəyişikliklər müşahidə olunur.

Bu dəyişikliklər isə yalnız mərasimlərin formasına deyil, onların sosial və mənəvi funksiyalarına da təsir göstərir. Əvvəllər toy və yas insanları bir araya gətirən, qarşılıqlı yardımlaşmanı gücləndirən, nəsillər arasında əlaqə yaradan mühüm sosial hadisələr idi. Bu gün isə sürətli həyat ritmi, fərdiləşmə və texnologiyanın təsiri nəticəsində həmin münasibətlərin bir hissəsi zəifləyir. Eyni zamanda milli mətbəx nümunələrindən musiqi repertuarına, mərasimlərin keçirildiyi məkanlardan onların təşkilinə qədər bir çox sahədə yenilənmə baş verir.

Bəs dəyişən həyat tərzimiz milli adətlərimizə necə təsir edir? Hansı ənənələrimiz artıq əvvəlki formasını itirib? Müasirliklə milli dəyərlər arasında balansı necə qorumaq olar?

Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova bildirib ki, bir xalqın kimliyini toy süfrəsində, yas evinin səssizliyində, nənənin sandığında qorunan əşyalarda, böyüyün verdiyi xeyir-duada da görmək mümkündür:

"Çünki adətlər sadəcə keçmişdən qalan mərasimlər deyil. Onlar cəmiyyətin davranış mədəniyyətini, ailə münasibətlərini, sevincə və kədərə münasibətini yaşadan mənəvi yaddaşdır.

Amma həyat dəyişir. Şəhərlər böyüyür, ailələr kiçilir, insanlar daha sürətli yaşayır, texnologiya gündəlik münasibətlərin içinə daxil olur. Adətlərimizdə də dəyişikliklər yaşanır. Bir vaxtlar günlərlə davam edən toylar indi bir neçə saata sığır. Əvvəllər yas evinin qapısı günlərlə açıq qalırdısa, indi iş qrafiki, məsafə və şəhər həyatının tempi insanları bəzən başsağlığını telefon zəngi və ya mesajla ifadə etməyə məcbur edir.

Burada məsələ yalnız mərasimlərin formasının dəyişməsi deyil. Əslində dəyişən həyat tərzimiz sosial münasibətlərin özünü dəyişdirir. Vaxtilə məhəllə böyük bir ailə təsiri bağışlayırdı: qonşunun sevinci də, dərdi də hamının işi idi. İndi isə eyni binada yaşayan insanların bir-birini tanımaması belə təəccüblü deyil. Müasir həyat bizə fərdi azadlıqlar və rahatlıq gətirib, amma bununla yanaşı kollektiv yaxınlığın bir hissəsini də aparıb.

Toylarımız bu transformasiyanın ən görünən nümunəsidir. Əvvəllər toy yalnız iki gəncin ailə qurması deyildi. Elçilikdən nişana, xınadan toy mərasiminə qədər hər mərhələ ailələrin və nəsillərin bir-birinə yaxınlaşmasını ifadə edirdi. Böyüklərin xeyir-duası, qohumların iştirakı, gəlinin qarşılanması, süfrə mədəniyyəti – bunların hər birinin arxasında ailəyə və cəmiyyətə dair müəyyən dəyər dayanırdı.

İndi toyların bir hissəsi getdikcə daha çox nümayiş xarakteri daşıyır. Dekorasiya, foto və video çəkilişləri, sosial şəbəkələrdə paylaşılacaq görüntülər bəzən mərasimin mahiyyətindən daha çox diqqət çəkir. İnsanlar toyun necə yaşanacağından çox, necə görünəcəyini düşünürlər. Bir günlük təmtəraq bəzən illərlə ödənəcək borcun başlanğıcına çevrilir.

Halbuki toyun dəyəri onun dəbdəbəsində deyil, qurulan ailənin möhkəmliyindədir.

Müasirlikdən qorxmaq da doğru deyil. Toyun əvvəlki kimi günlərlə davam etməməsi, israfın azalması, gənc ailənin borc yükünə salınmaması milli dəyərlərin yox olması demək deyil. Əksinə, ənənənin mahiyyətini qoruyaraq formasını dəyişmək cəmiyyətin təbii inkişafıdır.

Eyni mənzərə yas mərasimlərində də görünür. Azərbaycan cəmiyyətində yas tarixən kollektiv məsuliyyət olub. Ölüm bir ailənin başına gəlsə də, ağrısı qohum-qonşu tərəfindən bölüşülüb. Yas sahibinin gündəlik qayğılarını öz üzərinə götürən, gələnləri qarşılayan, onun yanında dayanan insanlar olub.

Bu gün həmin münasibətlər də dəyişir. İnsanların həyat tempi, iş rejimi, şəhərlərarası məsafələr əvvəlki sosial davranış modelini çətinləşdirir. Bəzən yas sahibinə başsağlığı mesajla çatdırılır, mərhumun şəkli sosial şəbəkədə paylaşılır, bir neçə sözlə kədər ifadə edilir. Bunlar müasir ünsiyyətin imkanlarıdır. Amma insanın ağır günündə yanında olmaq, onun əlini sıxmaq, bəzən heç nə demədən yanında oturmaq hələ də başqa bir mənəvi dəyərə malikdir.

Texnologiya bizi əlaqədə saxlaya bilər, amma yaxınlığın özünü yarada bilməz.

Ən böyük təhlükə adətlərin dəyişməsi deyil. Onların mənasının dəyişiklik içində itməsidir.

Çünki adətin forması ilə mahiyyəti eyni şey deyil. Xeyir-duanın gücü onun neçə dəqiqə davam etməsində yox, böyüyün sözünün ailə üçün daşıdığı mənadadır. Qonaqpərvərlik süfrədəki yeməklərin çoxluğu ilə ölçülmür. Yas mədəniyyəti də mərasim xərclərinin böyüklüyü deyil, kədər içində olan insana göstərilən mənəvi dayaqdır.

Bu baxımdan israfçılıqla ənənəni eyniləşdirmək də doğru deyil. Milli adətləri qorumaq adı altında ailələri maddi yükə salan, insanları cəmiyyətin gözləntiləri qarşısında borclandıran davranışların heç də hamısını “milli dəyər” adlandırmaq olmaz. Ənənə insanın həyatını zənginləşdirməlidir, onu əzməməlidir.

Bu gün ailə strukturunda baş verən dəyişikliklər də məsələnin başqa tərəfidir. Bir vaxtlar üç-dörd nəslin eyni evdə yaşaması adi idi. Nənə-babanın ailə həyatındakı rolu böyük idi. Uşaq ailə tarixini canlı şəkildə dinləyir, adətləri müşahidə edərək öyrənirdi. İndi nəsillər daha çox ayrı yaşayır. Uşağın dünyagörüşünü ailə yaddaşından çox, rəqəmsal məkan formalaşdırmağa başlayır.

Belə bir şəraitdə ənənənin əsas daşıyıcısı olan canlı yaddaş zəifləyə bilər.

Deməli, milli adətləri qorumağın yolu keçmişi olduğu kimi təkrarlamaq deyil. Onların mənasını yeni nəslə anlatmaqdır. Uşağa toyun hansı qaydada keçirildiyini əzbərlətməkdən daha vacibi, ailə qurmağın məsuliyyətini anlatmaqdır. Yasın neçə gün davam etdiyini öyrətməkdən daha vacibi, insanın dərd içində tək buraxılmamasını aşılamaqdır. Çünki adət dəyişə bilər, dəyər dəyişməməlidir.

Biz daha qısa toy edə bilərik, amma daha möhkəm ailə qura bilərik. Daha sadə yas keçirə bilərik, amma yas sahibinin yanında daha çox dayana bilərik. Texnologiyadan istifadə edə bilərik, amma münasibətlərimizi texnologiyaya təhvil verməməliyik.

Müasirliklə ənənə arasında seçim etməyə ehtiyac yoxdur. Əsl məsələ onların arasında sağlam tarazlıq yaratmaqdır. Keçmişin hər detalını gələcəyə daşımaq mümkün deyil, amma keçmişin mənəvi kodlarını itirmək də olmaz".

AMEA Folklor İnstitutu Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri Ağaverdi Xəlilin sözlərinə görə, xalqımızın toy və yas mərasimlərində icra edilən ənənəvi adətlər müasir dövrdə xeyli dərəcədə dəyişib:

"Bu dəyişmə həm müasirləşmə, həm qloballaşma, həm də sürətli texniki tərəqqi ilə əlaqəlidir. Şübhəsiz ki, informasiya texnologiyalarının sürətli inkişafı da ənənəyə təsir göstərən amillərdən biridir. Dünyanın hər yerindən məlumatlar alınır və bunlar sürətlə yayılır və öz təsirini də göstərir.

Müasir dövrdə toy və yas mərasimləri keçmişlə müqayisədə həm forma, həm də məzmun baxımından xeyli dəyişib. Bu dəyişikliklər müxtəlif amillərlə bağlıdır və indi də davam etməkdədir.

Toy mərasimlərimiz mərasimin təşkilindən icrasına qədər, yeri, mərhələləri və daxili strukturu baxımından xeyli dəyişib. Çadır toyları, toy mağarları artıq yoxdur. Bunların yerini təkcə şəhərlərdə deyil, kəndlərdə də artıq restoranlar, şadlıq sarayları tutur. Bir neçə gün davam edən ənənəvi toylar arxaikləşmişdir. Toyda ifa edilən musiqi də dəyişmişdir. Aşıq musiqisi, muğam və xalq mahnılarının yerini daha çox müasir tipli musiqi tutmaqdadır. Məsələn, estrada musiqisi, Avropadan gələn musiqi nümunələri sürətlə bizim toyların musiqi repertuarına daxil olur.

Milli kulinariya ənənəsi də bu müasirləşmə prosesinin mənfi təsirlərini ciddi şəkildə öz üzərində hiss edib. Bir sıra mərasim yeməklərimiz müasir tipli yeməklərin içərisində görünmür.

Keçmişdə yas daha çox ev və məhəllə daxilində kollektiv şəkildə təşkil olunurdu. Qohum-qonşular yemək hazırlanmasında, ev işlərində və digər məsələlərdə ailəyə kömək edirdilər. İndi isə yas mərasimlərinin bir hissəsi xüsusi yas evlərində və ya mərasim zallarında keçirilir.

Digər mühüm dəyişiklik müddət və təşkilatlanmadır. Müasir şəhər həyatının sürətli olması insanların yas mərasimlərində uzun müddət iştirak etməsini çətinləşdirir. Bununla belə, kənd və rayonlarda ənənəvi yas formalarının daha çox qorunduğu müşahidə olunur.

Əslində, mərasimlərin mahiyyəti tamamilə yox olmayıb, onların sosial funksiyası və keçirilmə forması dəyişib.

Ənənədə mərasimlər kollektiv əmək və qarşılıqlı yardım üzərində qurulurdu.

Müasir dövrdə isə fərdiləşmə və şəhər həyatının təsiri artıb; mərasimlər daha çox peşəkar və kommersiya xarakteri alıb; sosial media mərasimlərin nümayiş və paylaşım vasitəsinə çevrilib; bəzi qədim adətlər zəifləyib, bəziləri isə yeni formada yaşamağa davam edir.

Toy və yas mərasimləri ənənəvi cəmiyyətin kollektiv sosial yaddaşını və həmrəyliyini ifadə edən mərasimlərdən müasir cəmiyyətin sosial, iqtisadi və kommunikativ şərtlərinə uyğunlaşan mərasim formalarına çevrilmişdir".

Yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov isə bildirib ki, zaman keçdikcə həyatın müxtəlif sahələrində dəyişikliklər baş verdiyi kimi, toy və yas mərasimləri də transformasiyaya uğrayır. Bəzi adətlər yenilənir, bəziləri qısalır, bir qismi isə tədricən aradan çıxır:

"Azərbaycan toylarının tarixən yüzə yaxın müxtəlif mərasim və adət-ənənəni özündə birləşdirdiyi məlumdur. Bu mərasimlərin böyük əksəriyyəti zamanla bir-birinə qarışıb və nəticədə əvvəl uzun günlər, hətta həftələrlə davam edən toylar bu gün bir neçə saatlıq restoran və şadlıq sarayı mərasimlərinə çevrilib. Bu dəyişimin isə yalnız məişət səviyyəsində deyil, sosial-iqtisadi, mənəvi, psixoloji və mədəni baxımdan da ciddi təsirləri var.

Toy və yas mərasimlərinin bir çox mərhələsinin birləşdirilməsi, ilk növbədə, iqtisadi baxımdan daha münasib və praktik həyat tərzinin formalaşması ilə bağlıdır. İnsanlar əvvəlki dövrlə müqayisədə öz vaxtlarına daha çox qənaət etməyə çalışırlar. İş, gündəlik qayğılar və şəhər həyatının sürətli ritmi uzunmüddətli mərasimlərə imkan vermir.

Əvvəllər toy zamanı ailələr, qohumlar, qonşular və bütöv məhəllələr bir araya gəlirdi. Toyun hazırlanması kollektiv proses idi. Kəndin, məhəllənin insanları bir-birinə kömək edir, yeməklərin hazırlanmasından tutmuş digər işlərə qədər bir çox məsələləri könüllü şəkildə həyata keçirirdilər. Bu proses insanları təkcə toy sahibinə kömək etmək üçün deyil, həm də bir-biri ilə ünsiyyət qurmaq, münasibətləri möhkəmləndirmək üçün bir araya gətirirdi.

Bu gün isə həmin işlərin demək olar ki, hamısı pullu xidmətlər vasitəsilə həyata keçirilir. Toy hazırlığından dekorasiyaya, musiqidən foto-video çəkilişinə, yeməklərdən digər xidmətlərə qədər hər şey kommersiya üzərində qurulub. Nəticədə toyun kollektiv əmək və həmrəylik funksiyası zəifləyib.

Əvvəllər toy yalnız bəy və gəlinin deyil, bütöv bir icmanın hadisəsi idi. İnsanlar günlərlə bir araya gəlir, yeyib-içir, söhbət edir, rəqs edir, mahnı oxuyur, müxtəlif oyun və mərasimlərdə iştirak edirdilər. Qız toyu, oğlan toyu, nişan, xınayaxdı, bəy hamamı və digər mərasimlər bir-birini tamamlayırdı.

Bu gün isə toyların böyük hissəsi bir neçə saat ərzində keçirilir. Qonaqlar gəlir, müəyyən məbləğdə pul yazdırır, bir-biri ilə salamlaşır, tost deyir, şəkil çəkdirir, yemək yeyir və bir neçə saatdan sonra mərasimi tərk edirlər. Beləliklə, toyun sosial və mədəni funksiyası müəyyən mənada zəifləyir.

Digər tərəfdən, toyların kommersiyalaşması bəzi hallarda mərasimin mahiyyətinin də dəyişməsinə gətirib çıxarır. Bəzən insanlar toy keçirmək istəyindən daha çox, əvvəlki mərasimlərdə etdikləri xərcləri geri qaytarmaq düşüncəsi ilə hərəkət edirlər. Bu zaman toy sevinc və birlik mərasimindən çıxaraq müəyyən mənada maliyyə öhdəliyinə çevrilir.

Eyni proses yas mərasimlərində də müşahidə olunur.

Əvvəllər yas yalnız vəfat edən şəxsin ailəsinə başsağlığı verməkdən ibarət deyildi. İnsanlar uzun müddət bir araya gəlir, ailəyə mənəvi və psixoloji dəstək göstərir, söhbət edir, xatirələri bölüşür, bir-birinin dərdinə şərik olurdular. Yas mərasimi həm də insanların bir-biri ilə ünsiyyət qurduğu, sosial bağların möhkəmləndiyi mühüm məkanlardan biri idi.

Bu gün isə yas mərasimləri də getdikcə qısalır. İnsanlar bir neçə saatlıq mərasimə qatılır, ehsan süfrəsində oturur, çay içir, başsağlığı verir və ayrılırlar. Bunun nəticəsində yasın yalnız dini və ritual tərəfi deyil, onun sosial və mənəvi funksiyası da müəyyən qədər zəifləyir.

Üstəlik, yas mərasimlərində də kommersiyalaşma nəzərəçarpacaq dərəcədə artıb. Çadır qurulmasından müxtəlif xidmətlərə, dini mərasimlərin təşkilindən digər işlərə qədər əvvəllər ailə və yaxınların kollektiv şəkildə gördüyü bir çox iş artıq ödənişli xidmətlər vasitəsilə həyata keçirilir.

Əlbəttə, bütün bunların müasir həyatın tələbləri ilə bağlı obyektiv səbəbləri var. İnsanların vaxtı məhduddur, şəhər həyatı sürətlənib, ailələr əvvəlki kimi böyük və geniş icmalar şəklində yaşamırlar. Ona görə də mərasimlərin müəyyən qədər sadələşməsi və qısalması təbii prosesdir.

Lakin burada başqa bir məsələ də ortaya çıxır: biz yenilənərkən nəyi itiririk?

Çünki toy və yas Azərbaycan cəmiyyətində sadəcə mərasim deyil. Onlar xalqın sosial yaddaşının, kollektiv davranış mədəniyyətinin və mənəvi dəyərlərinin daşıyıcılarıdır. Əvvəlki nəsillərdən bizə gəlib çatan adətlərin hər birinin arxasında müəyyən sosial funksiya dayanıb. İnsanlar bu mərasimlər vasitəsilə bir-birinə yaxınlaşıb, münasibətlər qurub, yardımlaşıb, sevincini və kədərini bölüşüb.

Bu baxımdan müasirliklə ənənə arasında balansın qorunması vacibdir. Adət-ənənələri olduğu kimi, dəyişmədən saxlamaq mümkün olmaya bilər. Lakin onları tamamilə kommersiyalaşdırmaq və yalnız formal mərasimə çevirmək də düzgün yanaşma deyil.

Müasir həyat tərzi ilə milli dəyərlərin sintez edilməsi mümkündür. Toylarımız daha qısa, daha praktik və müasir ola bilər, amma onun içərisində milli musiqi, milli rəqs, ailə və qohumluq bağları, kollektivlik və paylaşma ənənəsi qorunub saxlanıla bilər. Yas mərasimləri də müasir şəraitə uyğunlaşdırıla bilər, lakin onun əsas mahiyyəti – mərhumun yaxınlarına mənəvi dəstək olmaq, dərdi bölüşmək və insanın çətin günündə yanında olmaq – itirilməməlidir.

Çünki adət-ənənələr yalnız keçmişin yadigarı deyil. Onlar millətin özünü tanımasının vasitələrindən biridir. Əgər bir xalq öz mərasimlərini, sosial davranışlarını və kollektiv yaddaşını tamamilə itirərsə, zamanla öz mədəni kimliyinin müəyyən hissəsini də itirə bilər.

Ona görə də əsas məsələ köhnə ilə yeninin qarşı-qarşıya qoyulması deyil. Əsas məsələ milli dəyərləri qoruyaraq yenilənməkdir. Yeni nəsil əvvəlki nəsillərdən gələn dəyərləri öyrənməli, onları müasir həyatın tələbləri ilə uzlaşdırmalıdır.

Ən yaxşı yol, düşünürəm ki, məhz budur: nə keçmişdən tamamilə imtina etmək, nə də yeniliyə qapıları bağlamaq. Milli və müasir olanın sağlam sintezi nəticəsində toy və yas mərasimləri həm zamanın tələblərinə cavab verə, həm də Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı mənəvi və mədəni dəyərləri gələcək nəsillərə ötürə bilər".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə hazırlanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər