Boşanma zamanı əmlakın bölünməsi və alimentin hesablanması qaydaları - İZAH
Boşanma zamanı tərəflər üçün ən çox sual doğuran məsələlərdən biri əmlakın necə bölünməsi, digəri isə uşağın saxlanılması üçün alimentin hansı qaydada müəyyən edilməsidir.
Bu sözləri Operativ Media-ya vəkil Səma Əhmədova deyib.
O bildirib ki, nikah dövründə əldə olunan əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Əmlakın yalnız ər və ya arvadın adına rəsmiləşdirilməsi onun avtomatik olaraq həmin şəxsin şəxsi əmlakı olması demək deyil. Əmlakın nə vaxt əldə edilməsi və hansı vəsait hesabına alınması burada əsas məsələlərdəndir:
“Nikahdan əvvəl əldə edilmiş, həmçinin nikah dövründə hədiyyə və ya vərəsəlik yolu ilə əldə olunmuş əmlak isə, bir qayda olaraq, şəxsi əmlak hesab edilir. Lakin konkret vəziyyətdən asılı olaraq bu əmlakla bağlı da fərqli hüquqi nəticələr yarana bilər.
Ümumi əmlakın bölünməsində əsas qayda tərəflərin paylarının bərabər olmasıdır. Bununla belə, məhkəmə işin konkret hallarını, o cümlədən yetkinlik yaşına çatmayan uşaqların və tərəflərin diqqətəlayiq mənafelərini nəzərə alaraq fərqli bölgü müəyyən edə bilər.
Alimentə gəldikdə isə, valideynlər arasında razılaşma olmadıqda aliment məhkəmə qaydasında müəyyən edilir. Bir uşağa görə, bir qayda olaraq, valideynin gəlirinin dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə yarısı tutulur. Lakin alimentin məbləği hər bir iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, gəlirləri və digər əhəmiyyətli hallar nəzərə alınmaqla dəyişə bilər.
Bəzi hallarda aliment gəlirin müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində də müəyyən edilə bilər. Xüsusilə gəlirin qeyri-müntəzəm olması və ya gəlirdən faiz tutulmasının uşağın maraqlarını lazımi qaydada təmin etməməsi belə yanaşmanı zəruri edə bilər.
Ona görə də boşanma prosesində həm əmlak bölgüsü, həm də aliment məsələsinə yalnız ümumi qaydalar əsasında deyil, konkret ailə vəziyyəti və mövcud sübutlar əsasında yanaşmaq lazımdır”.
dəqiqələr içində saytın olsun.