Menyu

Bakı İqlim Fəaliyyəti Həftəsində şəhərsalma və iqlim gündəliklərinin inteqrasiyasına xüsusi diqqət yetirilib

Operativ Media
Bakı İqlim Fəaliyyəti Həftəsində şəhərsalma və iqlim gündəliklərinin inteqrasiyasına xüsusi diqqət yetirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzusunda keçirilən panel sessiyada iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat verib.

Sessiyada şəhərlərin iqlim fəaliyyətində artan rolu, şəhərsalma və ərazi planlaşdırılmasının iqlim hədəflərinin həyata keçirilməsində əhəmiyyəti, yaşıl və dayanıqlı şəhər inkişafı, eləcə də WUF13 çərçivəsində formalaşan gündəliyin COP31-ə doğru davam etdirilməsi məsələləri müzakirə olunub.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, ölkəmizdə mühüm milli prioritet kimi müəyyənləşdirilib. Bu prioritetə əsasən, şəhər və ərazilərin sistemli və davamlı planlaşdırılması dayanıqlı məkanların formalaşdırılması və insanların həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm şərtlərdəndir.

Anar Quliyev vurğulayıb ki, artıq əsas məsələ şəhərlərin iqlim fəaliyyətində rolunun tanınması deyil, bunu konkret nəticələrə çevirməkdir. Onun sözlərinə görə, şəhərsalma və ərazi planlaşdırılması iqlim hədəflərini dayanıqlı inkişaf üçün praktik həllərə çevirən əsas vasitələrdəndir.

“WUF13 Azərbaycan üçün qlobal şəhərsalma gündəliyi ilə iqlim fəaliyyəti də daxil olmaqla daha geniş inkişaf prioritetləri arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma oldu. Forumun əsas nəticələrindən biri olan “Bakı Fəaliyyət Çağırış” sənədi inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, adekvat və dayanıqlı mənzil təminatı, “yaşıl” transformasiya, güclü tərəfdaşlıqlar və insanyönümlü şəhər inkişafı üçün aydın istiqamətlər müəyyən edir. İndi əsas vəzifə bu dinamikanı konkret addımlarla davam etdirməkdir”, – deyə Anar Quliyev qeyd edib.

O bildirib ki, şəhərsalma dayanıqlı mobillik, “yaşıl” infrastruktur, enerji səmərəli binalar və daha əlverişli məkan təşkili vasitəsilə iqlim məqsədlərinə birbaşa töhfə verə bilər.

“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”ndan danışan Komitə sədri qeyd edib ki, adambaşına düşən ictimai yaşıl sahənin 5,8 kvadratmetrdən 8 kvadratmetrə çatdırılması, ümumi yaşıl sahənin isə təxminən 2 500 hektara qədər artırılması nəzərdə tutulur.

Anar Quliyev vurğulayıb ki, məqsəd yalnız yaşıl sahələrin həcmini artırmaq deyil, eyni zamanda hibrid yaşıl dəhlizlər vasitəsilə iqlimə uyğunlaşmanı, biomüxtəlifliyi, ictimai sağlamlığı və dayanıqlı mobilliyi dəstəkləyən qarşılıqlı əlaqəli sistemlər yaratmaqdır. Çoxmərkəzli şəhər inkişafı yanaşması isə əlçatanlığın, rahat yaşayış və keyfiyyətli ətraf mühit ilə yanaşı, daha balanslaşdırılmış şəhər strukturunun formalaşdırılmasına xidmət edir.

Komitə sədri Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri çərçivəsində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək istixana qazı emissiyalarını 40 faiz azaltmaq barədə götürdüyü öhdəliyi də xatırladıb. Bildirilib ki, binalarda enerji səmərəliliyinə dair yeni tələblərin tətbiqi, eləcə də Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq daha səmərəli və dayanıqlı tikinti mühitinin yaradılmasına imkan verir.

Anar Quliyev məkan planlaşdırılması ilə dayanıqlılıq arasındakı əlaqənin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində də xüsusi əhəmiyyət daşıdığını bildirib: “Azərbaycanın “Böyük Qayıdış” Proqramı göstərir ki, yenidənqurma yalnız itirilənlərin bərpası deyil, həm də daha təhlükəsiz və dayanıqlı məkanlar yaratmaq üçün bir imkandır. Azad edilmiş ərazilər üçün hazırlanmış ərazi planlaşdırılması sənədləri ardıcıl və balanslaşdırılmış məkan inkişafı üçün strateji çərçivə formalaşdırır. Məqsəd yalnız tikinti aparmaq deyil, daha güclü inteqrasiya, balanslaşdırılmış regional inkişaf və əhali üçün daha yüksək həyat keyfiyyəti yaratmaqdır”.

Sonda Bakıda WUF13 çərçivəsində formalaşan şəhər gündəliyinin COP31-ə doğru praktiki təşəbbüslər və konkret nəticələrlə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, sessiyada Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış edərək, WUF13-dən COP31-ə uzanan marşrut üzrə qlobal və regional tərəfdaşlıq məsələlərinə toxunublar. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko isə şəhər və regionların iqlim təşəbbüslərində aparıcı rolunu xüsusi vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər