Rəhman Hacıyev: Azarkeşlərin dəstəyi bizim üçün böyük motivasiyadır
“Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev azarkeşlərin komandaya göstərdiyi dəstəkdən, mövsümün startından və qarşıdakı oyunlara hazırlıqdan danışıb.
Operativ Media xəbər verir ki, futbolçu klubun mətbuat xidmətinə açıqlamasında Gəncə təmsilçisinin azarkeşlərinin yaratdığı atmosferi yüksək qiymətləndirib.
“Bu qədər azarkeşin qarşısında, belə atmosferdə oynamaq möhtəşəm idi. Mən buna bənzər dəstəyi “Neftçi”də derbilərdə görmüşəm. Azarkeşlərin inanılmaz dəstəyi var idi. İlk oyunda qələbə qazanmağımız sevindiricidir. Lakin bunu davamlı etmək üçün bir qədər vaxta ehtiyacımız var.
Demək olar ki, komandamız yenidir, məşqçimiz də yenidir. Onun öz oyun üslubu, taktikası və keçid prinsipləri var. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacağıq”, - deyə Hacıyev bildirib.
Yarımmüdafiəçi komandanın bəzi oyunlarda istədiyi futbolu nümayiş etdirə bilmədiyini və buraxılan qolların əsasən öz səhvlərindən qaynaqlandığını qeyd edib.
“Düşünürəm ki, daha çox çalışmalıyıq. Oyunlara daha ciddi yanaşmalı və konsentrasiyamızı yüksək saxlamalıyıq. Rəqib komandalar yaranan boşluqlardan istifadə edə bilirlər. Buna görə bütün görüşlərə ciddi hazırlaşmalı, xarakter göstərməliyik”, - futbolçu vurğulayıb.
Rəhman Hacıyev futbolçu karyerasını başa vurmaq barədə düşündüyünü də açıqlayıb:
“Əslində, futbolu bitirmək istəyirdim. Dostlarım isə mənə bunun üçün hələ tez olduğunu deyirdilər. Mən futbolu çox sevirəm. Bəzən müəyyən səbəblərdən futboldan soyuyursan. Kəpəzdən təklif aldım və dostlarım da mənə dəstək oldular. ‘Get, futbolu bitirmə, hələ tezdir’ dedilər. Mən də gəldim. Burada oynamaq, bu klubun şərəfini qorumaq mənim üçün xoş oldu. Yenidən futbol sevgimi qazandım. Buna azarkeşlərin və dostlarımın böyük təsiri oldu”.
Hacıyev yeni mövsümə zədə ilə başladığını da bildirib. Onun sözlərinə görə, ilk oyunda meydana çıxmaq imkanı olsa da, məşqçilər risk etməməyi və növbəti qarşılaşmaya hazırlaşmağı məqsədəuyğun hesab ediblər.
“Son oyunda 15 dəqiqə oynadım. Nəticə bizim üçün xoş olmadı. İnsan belə məğlubiyyəti qəbul etməkdə çətinlik çəkir. Düşünürəm ki, biz belə uduzmamalı idik. Bu, bizə müəyyən qədər təsir edir. Amma bir oyunla kifayətlənmək olmaz. Hər şey qarşıdadır və bizim üçün qarşıdakı üç oyun çox önəmlidir”, - deyə o əlavə edib.
“Kəpəz”in yarımmüdafiəçisi azarkeşlərin dəstəyinin komanda üçün mühüm motivasiya olduğunu vurğulayıb:
“Azarkeşlər tərəfindən böyük dəstək var. Bu, bizim üçün çox böyük motivasiyadır. Bundan istifadə edib oyunlarda qələbələr qazanmalıyıq. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Dünən iki məşq keçirmişik və çox yaxşı hazırlaşırıq. Düşünürəm ki, əvvəlki oyundan dərs çıxarmalıyıq. Qarşıdakı görüşə çox ciddi şəkildə hazırlaşacağıq. Azarkeşlərimizdən də yenidən həmin dəstəyi gözləyirik. Bu, bizim üçün böyük motivasiyadır. Təbii ki, meydana qələbə üçün çıxacağıq”.
dəqiqələr içində saytın olsun.