İsrail Sloveniyada ilk səfirliyini açdı
İsrail Sloveniyanın paytaxtı Lyublyanada səfirliyini açıb.
Operativ Media xəbər verir ki, açılış mərasimində İsrailin xarici işlər naziri Gideon Saar iştirak edib. O, sosial şəbəkə hesabında bildirib ki, bu, son il yarım ərzində İsrailin açdığı beşinci yeni səfirlikdir.
Saar İsrailin Avropa və dünyanın digər bölgələrində dostlarının olduğunu qeyd edərək, həmin ölkələrlə əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir diplomatik şəbəkənin dünya üzrə genişləndirilməsini davam etdirəcəyini bildirib.
İsrail və Sloveniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, indiyədək Lyublyanada İsrailin diplomatik nümayəndəliyi fəaliyyət göstərməyib. İsrailin Sloveniyadakı maraqlarını Avstriyadakı diplomatlar təmsil ediblər.
İsrail səfirliyinin Sloveniyada açılması ilə bağlı qərar iyun ayında, ölkədə hökumət dəyişikliyindən sonra qəbul edilib.
2022-2026-cı illərdə Sloveniyada baş nazir Robert Qolobun rəhbərlik etdiyi sol-mərkəzçi koalisiya hakimiyyətdə olub. Bu dövrdə iki ölkə arasında münasibətlər gərginləşib. Lyublyana İsrailə qarşı beynəlxalq təzyiqləri dəstəkləyib, 2024-cü ildə Fələstini tanıyıb, 2025-ci ildə isə İsrailə qarşı silah embarqosu tətbiq edib.
2026-cı ilin martında keçirilən parlament seçkilərindən sonra sağçı siyasətçi Yanez Yanşa yenidən baş nazir postuna qayıdıb. Sloveniya parlamenti iyunun 4-də Yanşanın rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.
Həmin gün İsrailin xarici işlər naziri Lyublyanada səfirlik açılması barədə qərarı açıqlayıb. Saar Yanşanı “İsrailin açıq-aşkar dostu” adlandırıb və onun rəhbərliyi dövründə Sloveniyanın İsrailə daha yaxın mövqe tutacağına ümid etdiyini bildirib.
dəqiqələr içində saytın olsun.