Meyvə suları həqiqətənmi sağlamlıq mənbəyidir?
Qidalanmanın, xüsusilə də sağlam qidalanmanın vazkeçilməz məhsullarından hesab olunan meyvə və tərəvəzlərin mövsümündə və mümkün qədər təzə şəkildə qəbul edilməsi daha faydalıdır. Bu məhsullar tərkibindəki vitamin və minerallarla orqanizmin ehtiyac duyduğu bir sıra qida maddələrini təmin etməklə yanaşı, liflərlə zəngin olduğuna görə həzm sisteminin fəaliyyətinin yaxşılaşmasına, bağırsaq sağlamlığının və immun sisteminin dəstəklənməsinə kömək edir.
Bu sözləri Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, lakin bir çox hallarda insanlar meyvənin özündən daha çox meyvə şirəsinə üstünlük verirlər. Burada isə təbii, təzə sıxılmış meyvə şirəsi ilə emal olunmuş meyvə içkiləri arasında ciddi fərqlərin olduğunu nəzərə almaq lazımdır. İnsanlarda belə bir düşüncə formalaşıb ki, məhsul meyvədən hazırlanıbsa, deməli, avtomatik olaraq faydalıdır. Əslində isə məhsulun necə hazırlandığı, tərkibinə nə əlavə edildiyi və hansı formada qəbul olunduğu mühüm əhəmiyyət daşıyır:
“Meyvənin bütöv şəkildə qəbul edilməsinin əsas üstünlüklərindən biri onun tərkibindəki liflərin qorunmasıdır. Liflər şəkərin orqanizm tərəfindən daha yavaş sorulmasına kömək edir. Bu baxımdan xüsusilə xroniki xəstəlikləri və qan şəkəri ilə bağlı problemləri olan insanlar üçün meyvənin bütöv şəkildə yeyilməsi daha məqsədəuyğun seçimdir. Meyvə şirəsi isə liflərin böyük hissəsindən məhrum olduğu üçün şəkərin qana daha sürətli keçməsinə səbəb ola bilər.
Təzə sıxılmış meyvə şirəsinin də müəyyən faydaları var. Portağal, nar, üzüm, qreypfrut və digər meyvələrdən hazırlanmış təzə şirələr bir sıra vitamin, mineral və bioloji aktiv maddələri özündə saxlaya bilər. Lakin burada da əsas məsələ miqdardır. Bir stəkan şirə hazırlamaq üçün bir neçə meyvədən istifadə oluna bilər və nəticədə insan qısa müddət ərzində normalda bütöv şəkildə yeyə bilməyəcəyi qədər meyvə və təbii şəkər qəbul etmiş olur. Bu səbəbdən meyvə şirəsini nə qədər çox içsək, bir o qədər faydalı olar düşüncəsi doğru yanaşma deyil.
Emal olunmuş meyvə şirələrinə gəldikdə isə istehlakçı daha diqqətli olmalıdır. Məsələn, məhsulun üzərində “meyvə içkisi”, “nektar”, “şirə” və digər ifadələrin yazılması onun mütləq 100 faiz təbii meyvə şirəsi olması demək deyil. Bəzi məhsullarda meyvə şirəsinin payı müəyyən faiz təşkil edə, əlavə şəkər, şərbət və digər komponentlərdən istifadə oluna bilər. Hətta əlavə şəkər olmasa belə, məhsulun emal prosesində müxtəlif əlavələrdən istifadə edilə bilər.
Ona görə də istehlakçı məhsulun üzərindəki etiket məlumatlarına diqqət yetirməlidir. Etibarlı istehsalçının seçilməsi, məhsulun tərkibinin, istehsal tarixinin, son istifadə müddətinin, saxlanma şəraitinin və digər məlumatların yoxlanılması vacibdir. Tərkibdə allergenlərin olub-olmaması da etiketdə göstərilməlidir.
Ən vacib məqam isə budur ki, meyvənin şəkli və ya qablaşdırmanın üzərindəki meyvə təsviri istehlakçını çaşdırmamalıdır. Məhsulun üzərində meyvə şəkillərinin olması onun təbii meyvə şirəsi olduğu anlamına gəlmir. İstehlakçı “meyvə içkisi”, “nektar” və “şirə” anlayışları arasındakı fərqi bilməli və məhsulun real tərkibini etiketdən oxumalıdır.
Ümumilikdə isə gündəlik qida rasionunda birinci seçim meyvənin özü olmalıdır. Çünki bütöv meyvə həm vitamin və minerallarla, həm də liflə təmin edir və toxluq hissinin yaranmasına daha çox kömək edir. Meyvə şirəsi istifadə ediləcəksə, onun miqdarına və tərkibinə diqqət yetirmək, mümkün qədər əlavə şəkər və digər arzuolunmaz qatqılar olmayan məhsullara üstünlük vermək daha düzgün yanaşmadır”.
dəqiqələr içində saytın olsun.