Azərbaycan indiyədək Türkiyəyə 130 milyard kubmetr qaz tədarük edib
Azərbaycan indiyədək Türkiyəyə 130 milyard kubmetr qaz tədarük edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan-Türkiyə V Enerji Forumunda Pərviz Şahbazov bildirib.
O qeyd edib ki, bunun 40 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) payına düşüb: "Təkcə bu ilin 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub". Azərbaycan qazının Türkiyə üzərindən Avropa ölkələrinə nəqli də davam edir. Bu günədək Türkiyə üzərindən Avropa ölkələrinə 85 milyard kubmetr Azərbaycan qazı göndərilib.
Bundan başqa, Azərbaycandan Suriyaya 1 milyard kubmetr qaz tədarük edilib.
Bildirilib ki, cari ilin 8 ayında Türkiyəyə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunub.
Azərbaycan qazının Türkiyə və Türkiyə üzərindən beynəlxalq bazarlara çıxarılması iki ölkə arasında enerji əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır.
"Ölkələrimizin birgə güclü siyasi iradəsinin məhsulu - İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi, “Türkiye Petrolleri”nin “Şəfəq-Asiman” layihəsinə qoşulması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi mərhələsində hasil olunacaq qazın bir hissəsinin Türkiyəyə ixracına dair razılaşma, Azərbaycan qazının Türkiyə üzərindən Cənub Qaz Dəhlizinin əhatə dairəsindən kənarda olan yeni Avropa bazarlarına və Suriyaya nəqli enerji tərəfdaşlığımızın genişlənən miqyasını və coğrafiyasını nümayiş etdirir.
Həmçinin “SOCAR Türkiye”nin İstanbul Hava Limanında yanacaqdoldurma xidmətləri göstərən şirkətdə pay əldə etməsi, 870 MVt gücündə elektrik stansiyasının alınması və Türkiyədə yeni petrokimya güclərinin yaradılması istiqamətində fəaliyyəti isə qarşılıqlı investisiyaları genişləndirərək enerji inteqrasiyamızı daha da möhkəmləndirir.
Karbohidrogenlər üzrə İşçi Qrupunun hazırda SOCAR və TPAO arasında Azərbaycan və Türkiyədə əməkdaşlığın genişləndirilməsi, üçüncü ölkələrdə isə birgə fəaliyyət imkanlarının araşdırılması istiqamətində apardığı işlər bu sahədə gələcək əməkdaşlığımızın əsas konturlarını müəyyən edir. Bütün bunlar iqtisadi maraqlarla yanaşı, müttəfiqlik münasibətlərini və ortaq gələcəyə vahid baxışımızı əks etdirir.
Bugünkü dinamikanın arxasında isə onilliklər ərzində birgə formalaşdırdığımız möhkəm strateji təməl dayanır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və “STAR” kimi nəhəng layihələr Azərbaycan və Türkiyənin regional və qlobal enerji təhlükəsizliyində strateji rolunu gücləndirmiş, eyni zamanda sübut etmişdir ki, ölkələrimiz ortaq maraqları, güclü siyasi iradəni və vahid strateji baxışı böyük enerji layihələrində reallaşdırmaq qüdrətindədir. Məhz bu möhkəm təməl, qarşılıqlı etimad və zəngin birgə təcrübə son beş ildə enerji əməkdaşlığımızın inkişafına güclü təkan verməklə yanaşı, sabit və etibarlı enerji təchizatının davamlılığını da təmin edir.
İndiyədək bu neft-qaz infrastrukturu vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib. Bu müddətdə Türkiyəyə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunmuş, bunun 40 milyard kubmetri TANAP-ın payına düşmüşdür. Təkcə bu ilin 8 ayında Türkiyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələri 7,5 milyard kubmetr, Suriya isə 1 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib", - nazir qeyd edib.
dəqiqələr içində saytın olsun.