Menyu

Xankəndidə yenidən qurulan həyat: Qarabağ Universitetinin tələbələri danışır

Ayşən Sadıxzadə
Xankəndidə yenidən qurulan həyat: Qarabağ Universitetinin tələbələri danışır

2024-cü ildə Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti sadəcə yeni ali təhsil müəssisəsi deyil, işğaldan azad edilmiş ərazilərin dirçəlişində mühüm rol oynayan tarixi bir layihədir. Qısa müddətdə Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı gənclərin seçiminə çevrilən universitet tələbələrə həm müasir təhsil imkanları, həm də azad Qarabağda yeni həyatın qurulmasına yaxından şahid olmaq və bu prosesin iştirakçısına çevrilmək imkanı yaradır.

Müasir kampusu, peşəkar akademik heyəti, zəngin infrastrukturu və Xankəndinin sakit mühiti Qarabağ Universitetində tələbələr üçün fərqli inkişaf platforması formalaşdırıb.

Qarabağ Universitetinin Riyaziyyat və İT fakültəsinin kompüter mühəndisliyi ixtisasının II kurs tələbəsi Əli Həsənzadə Operativ Media-ya bildirib ki, onun bu universiteti seçməsinin əsas səbəblərindən biri ali təhsil ocağının işğaldan azad edilmiş ərazidə yaradılması olub.


“Burada təhsil almaq bir Azərbaycan gənci üçün qürurvericidir. Qarabağ Universitetinin yaratdığı şəraiti gördükdən sonra düşünürəm ki, gənclər universitet seçimində daha doğru qərar verə bilərlər. Ailəm də seçimimi dəstəklədi. Əsas motivasiyam ixtisaslaşmış kadrlar, yeni tədris metodları və tələbələr üçün yaradılan səmimi yataqxana mühiti oldu”, – deyə tələbə bildirib.

Humanitar və sosial elmlər fakültəsinin III kurs tələbəsi Emil Quliyev isə uşaqlıqdan tarixə, xüsusilə Azərbaycanın dövlətçilik tarixinə və Qarabağın keçmişinə maraq göstərdiyini qeyd edib.

Onun sözlərinə görə, Qarabağ Universitetində təhsil almaq yalnız ixtisas qazanmaq deyil, həm də tarixi bir missiyanın parçası olmaqdır. Müasir laboratoriyalar, yenilənmiş akademik proqramlar, peşəkar müəllim heyəti, yataqxana, pulsuz kompüter təminatı və təqaüd imkanları onun seçimində əsas amillərdən olub.

Emil Quliyev gələcəkdə məhz Qarabağ Universitetində çalışmaq istədiyini deyib:

“Əsas motivasiyam Vətənə faydalı olmaq və azad edilmiş torpaqlarımızda elm və təhsilin bərpasına öz töhfəmi verməkdir. Qarabağın tarixi və mədəni irsinin araşdırılmasına töhfə vermək və əldə etdiyim bilikləri burada gələcək nəsillərə ötürmək istəyirəm. Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir”.

Psixologiya ixtisasının II kurs tələbəsi Fidan Hacılı isə universitetin ilk tələbələrindən biri olmağın onun üçün xüsusi qürur olduğunu vurğulayıb.

O bildirib ki, əvvəlcə müəyyən tərəddüdləri olsa da, universitet barədə əldə etdiyi məlumatlar onun qərarını dəyişib. Xankəndinin təbiəti, sakit mühiti, müasir kampus, peşəkar müəllim heyəti və tələbələrlə kiçik qruplarda iş onun diqqətini çəkən əsas məqamlar olub.

“Bakı universitetlərinin də güclü olduğuna şübhəm yoxdur. Amma mən diplomla yanaşı, Qarabağ Universitetinin ilk tələbələrindən biri olmağın qürurunu da daşımaq istəyirdim. Universitetin ilk günü akt zalında dövlət himnini oxuyanda keçirdiyim qürur hissini hələ də xatırlayıram. Burada hər tələbə üçün fərqli imkanlar yaradılır və hər kəsin inkişafına dəstək göstərilir”, – deyə Fidan Hacılı qeyd edib.

Biznes və iqtisadiyyat fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi Bəxtiyar Qarayev üçün isə Qarabağ Universitetini seçmək həm keyfiyyətli təhsil almaq, həm də yeni qurulan ali məktəbin inkişaf prosesinin bir hissəsinə çevrilmək deməkdir.

O qeyd edib ki, Bakıdakı universitetlərdə təhsil almaq imkanı olsa da, Xankəndidə tələbə olmağın onun üçün xüsusi mənası var:

“Qarabağın yenidən qurulduğu bir dövrdə burada öyrənmək, inkişaf etmək və qazandığım biliklərlə regionun gələcəyinə töhfə vermək istəyirəm. Düşünürəm ki, insan bəzən rahat olanı deyil, gələcək üçün daha mənalı olanı seçməlidir”.

Pedaqoji fakültənin biologiya müəllimliyi ixtisasının II kurs tələbəsi Sevinc Cavadzadə də Qarabağ Universitetinin ilk tələbələrindən olmaq arzusunun seçimində əsas rol oynadığını bildirib.

“Xankəndidə yeni mühitdə yaşamaq və tarixi prosesin bir parçası olmaq mənim üçün böyük motivasiya idi. Qarabağ Universitetindəki fərqli təhsil sistemi də məni cəlb edirdi. Anam da məni bu universitetdə görməyi çox arzulayırdı. Mən həm öz arzumu, həm də anamın arzusunu gerçəkləşdirdim. Əsas motivasiyam ixtisasım üzrə ən yaxşılardan olmaqdır. Qarabağ Universiteti həm ixtisasçı, həm də gələcəyin peşəkar şəxsiyyəti kimi yetişməyim üçün böyük fürsətdir”, – deyə tələbə vurğulayıb.

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin Tibb ixtisasında təhsil alan tələbə isə 2025-ci ildə 640 bal toplayaraq universiteti ixtisas seçimində ilk sırada qeyd etdiyini bildirib.

Onun sözlərinə görə, əsas məqsədi Azərbaycanda xaricdəki səviyyəyə yaxın tibb təhsili almaq olub:

“Mənim üçün əsas olan təhsildir. Əgər istədiyiniz səviyyədə təhsil haradasa verilirsə, həmin yeri seçmək lazımdır. Qarabağ Universitetində belə bir təhsil imkanının yaradıldığını öyrəndikdən sonra seçimimi etdim. Uşaqlıqdan həkim olmaq istəyirəm və bunun üçün çox çalışmışam. Xaricdə təhsil almağı da düşünürdüm, lakin sonradan Qarabağda tibb təhsilinin veriləcəyini öyrəndim. Araşdırdıqdan sonra qərarımı verdim. Öz ölkəmdə, xüsusilə Qarabağda müasir tibb təhsili almaq məni çox xoşbəxt edir”.

Tələbələrin fikirləri göstərir ki, Qarabağ Universiteti onlar üçün yalnız diplom əldə etmək məkanı deyil. Universitet eyni zamanda gənclərin peşəkar inkişafına, elmi potensialının formalaşmasına və azad Qarabağın gələcəyinin qurulmasına töhfə verəcəkləri mühüm bir platformaya çevrilir.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər