Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “InnoWeek.Uz–2026” Beynəlxalq İnnovativ İdeyalar Həftəsinin rəsmi açılış mərasimində, habelə bu çərçivədə təşkil olunan “Türk Elm və İnnovasiya Günü” tədbirində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
2018-ci ildən Özbəkistan Respublikasında hər il təşkil olunan “InnoWeek” Beynəlxalq İnnovativ İdeyalar Həftəsi bu il “Dəyişən dünya üçün innovasiyalar” şüarı altında keçirilib. “InnoWeek” elmi nailiyyətlərin və innovativ texnologiyaların təqdimatı, elmi nəticələrin kommersiyalaşdırılması, həmçinin beynəlxalq elmi və işgüzar əlaqələrin genişləndirilməsi üçün platformadır.
Beynəlxalq İnnovativ İdeyalar Həftəsi çərçivəsində Özbəkistan Respublikasının Təhsil və Elm Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyinin və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə “Türk Elm və İnnovasiya Günü” təşkil olunub. “Bir məkan, iki hərəkətverici qüvvə: elm və innovasiya” mövzusuna həsr olunan tədbir türk dövlətləri arasında elm və innovasiya sahələrində əməkdaşlığın praktik nəticələrə yönəldilməsi, tədqiqat müəssisələri, innovatorlar və sənaye arasında əlaqələrin gücləndirilməsi məqsədi daşıyıb.
Tədbirdə TDT-yə üzv dövlətlərin müvafiq qurumlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, eləcə də innovasiya sahəsinin nümayəndələri iştirak ediblər.
Tədbirin yüksək səviyyəli panel sessiyasında çıxış edən Mətin Kərimli Azərbaycanda insan kapitalının inkişafı və elmi tədqiqat potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən və əldə olunan nəticələrdən bəhs edib. O, STEAM və rəqəmsal bacarıqların inkişafı, ali təhsildə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, Azərbaycan universitetlərinin qlobal reytinqlərdə irəliləyişi, universitetlərin tədqiqat və innovasiya mərkəzləri kimi rolunun gücləndirilməsi, elmi tədqiqat nəticələrinin artımı, eləcə də elm və sənaye arasında əlaqələrin inkişafı məsələlərinə toxunub.
Aparat rəhbəri TDT çərçivəsində elm və təhsil sahələrində əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb. O bu sahədə mövcud uğurlu əməkdaşlıq təcrübəsinin birgə tədqiqatların, akademik mübadilələrin və elmi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm zəmin yaratdığını qeyd edib.