E. Əmrullayev: İbtidai təhsil güclü olmadan rəqəmsal bacarıqları inkişaf etdirə bilmərik
Azərbaycanda rəqəmsal bacarıqların inkişafı ilə yanaşı, təhsil sisteminin fundamental əsaslarının gücləndirilməsi də vacibdir.
Operativ Media xəbər verir ki, bu sözləri SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın PISA, PIRLS və TIMSS kimi beynəlxalq qiymətləndirmələrdə nəticələri ölkənin təhsil sistemində müəyyən irəliləyişlərin olduğunu göstərir.
Emin Əmrullayev bildirib ki, rəqəmsal bacarıqların inkişafı istiqamətində də uzunmüddətli layihələr həyata keçirilir. Onun sözlərinə görə, “Rəqəmsal bacarıqlar” layihəsinə 10 ildən çox əvvəl başlanılıb və layihə çərçivəsində əhatə olunan şagirdlərin sayı 5 000-dən 600 000-ə çatıb.
Nazir vurğulayıb ki, rəqəmsal bacarıqların inkişafına yalnız texnologiya baxımından yanaşmaq olmaz.
“Əgər rəqəmsal bacarıqları inkişaf etdirəcəyimizi deyiriksə, amma yaxşı ibtidai təhsil sistemimiz yoxdursa, bu, problem yaradacaq. Fundamental əsaslar çox vacibdir”, - deyə o bildirib.
Emin Əmrullayev rəqəmsal savadlılıq və kibertəhlükəsizlik istiqamətində görülən işlərdən də danışıb. O qeyd edib ki, bir tərəfdən daha geniş auditoriyanı əhatə edən rəqəmsal bacarıq layihələri həyata keçirilir, kurikulum dəyişdirilir, müəllimlər təlimlərə cəlb olunur və təhsil müəssisələri avadanlıqlarla təmin edilir.
Nazirin sözlərinə görə, digər tərəfdən xaricdə təhsil imkanları vasitəsilə kibertəhlükəsizlik və İT sahəsində mütəxəssislərin hazırlanmasına dəstək göstərilir.
O bildirib ki, hər il 300-dən çox azərbaycanlı gənc kibertəhlükəsizlik, İT və digər əlaqəli istiqamətlər üzrə xarici universitetlərdə təhsil alır.
“Beş, səkkiz və ya on il ərzində bu, minlərlə insan deməkdir. Onların hər biri böyük təsir göstərə, başqaları üçün nümunə ola və öz növbəsində biliklərini paylaşa bilər”, - deyə nazir vurğulayıb.
Emin Əmrullayev qeyd edib ki, bu istiqamətlərin paralel inkişafı uzunmüddətli perspektivdə Azərbaycanın özünəməxsus sahələrdə rəqabətqabiliyyətli ekosistem formalaşdırmasına imkan verə bilər.
Nazir bildirib ki, rəqəmsal texnologiyalar sahəsində qarşıda uzun yol var və mövcud problemlər qəbul edilməlidir.
“Biz bu problemləri qəbul etməliyik. Eyni zamanda, inkişaf etdiyimizi göstərən kifayət qədər aydın əlamətlər var. Eyni templə davam etsək, daha yaxşı nəticələr əldə edə biləcəyimizə inanıram”, - deyə Emin Əmrullayev əlavə edib.
dəqiqələr içində saytın olsun.