Menyu

İbrahim Əliyev: Xankəndidə futbol oynamaq qürurvericidir

Əziz Əzizli
İbrahim Əliyev: Xankəndidə futbol oynamaq qürurvericidir
1 dəq oxu

Xankəndidə futbol oynamaq qürurvericidir.

Bu sözləri Operativ Media-ya açıqlamasında “Karvan-Yevlax”ın hücumçusu İbrahim Əliyev deyib.

27 yaşlı hücumçu Xankəndidə keçirilən futbol qarşılaşması, komandanın son nəticələri və gələcək hədəfləri barədə danışıb.

O, Xankəndidə yaşanan futbol atmosferinin xüsusi qürur hissi yaratdığını vurğulayıb:

“İlk növbədə qeyd edim ki, bu torpaqlarda futbol oynamaq həqiqətən qürurvericidir. Bunu iliklərimizə qədər hiss etdik. Burada canından keçən bütün şəhidlərimizi ehtiramla yad edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Xankəndidə belə gözəl futbol bayramının yaşanması, azarkeşlərin meydana gəlməsi həqiqətən qürurverici idi. Rəqib komanda olsaq da, özümü oranın bir parçası kimi hiss etdim”.

İ.Əliyev coğrafi mövqeyin oyuna təsir etdiyini, buna baxmayaraq, komanda olaraq güclərini düzgün bölməyə çalışdıqlarını qeyd edib:

“Coğrafi mövqeyin fərqi var idi, bəli, bu, meydana çıxanda hiss olundu. Amma çalışdıq gücümüzü düzgün bölək. Şəxsən mən oyuna köklənmişdim və əlimdən gələnin ən yaxşısını etdiyimi düşünürəm”.

Hücumçu son oyunlarda qazanılan qələbələrin komandanın özünəinamını artırdığını bildirib. O, “Karvan-Yevlax”ın əsas məqsədinin yenidən elitaya qayıtmaq olduğunu vurğulayıb:

“Son oyunlarda qazandığımız qələbələr özünəinamımızı daha da artırıb. İlk gündən qarşımıza elitaya qayıtmaq məqsədi qoyulub. Ümid edirəm ki, qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik”.

İbrahim Əliyev milli komandada oynamağın ən böyük arzularından biri olduğunu da söyləyib:

“Ən böyük arzularımdan biri milli komandanın formasını geyinməkdir. Bunun üçün də çox çalışıram. İnşallah, nə vaxtsa dəvət alsam, ölkəmizi layiqincə təmsil edəcəyəm”.

Əlaqəli Xəbərlər