Quba Soyqırımı Muzeyi və Əlişa qala kompleksi ölkə əhəmiyyətli abidələr siyahısına salınıb
Azərbaycanda bir sıra tarixi və mədəni obyektlər dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib, Azıx və Tağlar mağara düşərgələrinin ünvanları isə dəqiqləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla, həmçinin Astara rayonunda yerləşən Əlişa qala kompleksi (e.ə. IV - e. XVI əsrlər) "Arxeoloji abidələr" bölməsinə əlavə edilib. Qubadakı Xatirə abidəsi – kütləvi məzarlıq (1918-ci il) da bu bölmə üzrə təsnifatlandırılıb.
Dəyişikliyə əsasən, Gəncə şəhərində yerləşən XIX əsrə aid üç yaşayış evi, eyni zamanda, Sumqayıt şəhərində yerləşən iki hamam - Hacı Məcid(XVI əsr) və Hacı Əmrulla hamamları (XVII əsr) "Memarlıq abidələri" statusu alıb.