Vyetnam səfəri iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir - RƏY
Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında, xüsusilə siyasi dialoqun daha da dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir.
Bu sözləri Operativ Media-ya açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O bildirib ki, bu səfər, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət strategiyası çərçivəsində Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsinin ardıcıl xarakter daşıdığını nümayiş etdirir:
“Ölkələrimiz arasında uzun illərə söykənən dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün əlverişli siyasi zəmin yaradıb. Dövlətimizin başçısının Hanoya səfəri isə mövcud siyasi anlaşmanın konkret iqtisadi layihələrə, qarşılıqlı investisiyalara və daha geniş ticarət əlaqələrinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İqtisadi münasibətlərə nəzər saldıqda görürük ki, Azərbaycanla Vyetnam arasında əməkdaşlığın potensialı mövcud ticarət göstəricilərindən xeyli genişdir. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 153 milyon ABŞ dollarını ötüb. Bununla belə, hər iki ölkənin iqtisadi imkanları nəzərə alındıqda bu rəqəmin artırılması üçün kifayət qədər geniş perspektivlər mövcuddur. Xüsusilə energetika, sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan verə bilər. SOCAR ilə “PetroVietnam” arasında əməkdaşlıq, eləcə də Vyetnam şirkətlərinin Azərbaycanın bərpaolunan enerji və tikinti sektorlarına marağı bu istiqamətdə artıq formalaşmış praktiki əsasların olduğunu göstərir.
Digər mühüm istiqamət Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanlarının Vyetnamla iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu, Orta Dəhlizin inkişafı və Azərbaycanın beynəlxalq tranzit marşrutlarında mövqelərinin möhkəmlənməsi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların genişləndirilməsi üçün yeni imkanlar formalaşdırır. Təsadüfi deyil ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanla Vyetnam arasında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artıb. Bu dinamika göstərir ki, Azərbaycan Vyetnam üçün Avropa bazarlarına çıxışın şaxələndirilməsində mühüm tranzit tərəfdaşına çevrilə bilər. Eyni zamanda, belə əməkdaşlıq ölkəmizin logistika sektoruna əlavə investisiyaların cəlb olunmasına və tranzit gəlirlərinin artırılmasına şərait yarada bilər.
Vyetnamla münasibətlərin inkişafı Azərbaycanın bütövlükdə Cənub-Şərqi Asiya regionunda iqtisadi və siyasi mövqelərinin gücləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Vyetnam regionun dinamik inkişaf edən iqtisadiyyatlarından biri olmaqla yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının – ASEAN-ın üzvüdür. Bu baxımdan Hanoyla strateji tərəfdaşlığın dərinləşdirilməsi daha geniş regional iqtisadi məkanla əlaqələrinin inkişafına əlavə imkanlar yarada bilər. Xüsusilə Azərbaycan məhsullarının yeni bazarlara çıxarılması, qarşılıqlı sərmayə qoyuluşunun təşviqi, işgüzar dairələr arasında birbaşa təmasların genişləndirilməsi və birgə istehsal layihələrinin reallaşdırılması bu əməkdaşlığın mühüm istiqamətləri ola bilər. Bununla yanaşı, Vyetnamla siyasi dialoqun intensivləşdirilməsi Asiya-Sakit okean məkanındakı diplomatik əlaqələrin şaxələndirilməsinə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə də xidmət edə bilər.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın getdikcə daha geniş coğrafiyanı əhatə etdiyini göstərir. Dövlət başçısının müəyyənləşdirdiyi strateji inkişaf istiqamətləri Azərbaycanın ənənəvi tərəfdaşlarla münasibətlərini möhkəmləndirməklə yanaşı, yeni iqtisadi bazarlara çıxış imkanlarının araşdırılmasını və ölkəmizin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur. Bu mənada Vyetnamla münasibətlərin inkişafı təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, Azərbaycanın Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya arasında iqtisadi və nəqliyyat bağlantılarının formalaşmasında iştirakının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Səfər çərçivəsində aparılan yüksək səviyyəli siyasi dialoq və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi qarşılıqlı maraqların konkret layihələrə çevrilməsi üçün əlavə zəmin yaradır”.