Deputat: Vyetnamla strateji tərəfdaşlıq iqtisadi əlaqələrə yeni məzmun qazandıracaq
Azərbaycan və Vyetnam arasında qarşılıqlı ticarət dövriyyəsinin 150 milyon ABŞ dolları təşkil etdiyini nəzərə alsaq, yeni razılaşmaların əldə olunması, ilk növbədə, ticarət dövriyyəsinin həcminin artmasına, eyni zamanda, iki ölkənin iqtisadi subyektləri arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yarada bilər.
Bu sözləri Operativ Media-ya deputat Azər Allahverənov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də qarşılıqlı ticarət dövriyyəsinin həcmi və əməkdaşlığın inkişaf etdirilməsi zəruri olan istiqamətlərlə bağlı mühüm fikirlər səsləndirib:
“Ümumiyyətlə, iki dövlət arasında 2025-ci ilin may ayında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması baxımından mühüm siyasi və hüquqi sənəddir. Bu sənəd, ilk növbədə, hər iki ölkənin qarşılıqlı siyasi iradəsini əks etdirir. Çünki strateji tərəfdaşlıq münasibətləri sadəcə dövlətlərin qarşılıqlı istəyindən irəli gələn sənəd deyil. Bu, həm də tərəflər arasında mövcud olan əlaqələrin səviyyəsinin, əməkdaşlığın genişləndirilməsi üçün potensialın və gələcək inkişaf istiqamətləri üzrə real zəminin göstəricisidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanla Vyetnam arasında tarixi baxımdan yaxın münasibətlər mövcuddur və bu əlaqələrin inkişafı ötən əsrin 50-ci illərinə təsadüf edir. Həmin dövrdən etibarən iki ölkə arasında siyasi, mədəni və humanitar sahələrdə münasibətlər formalaşıb. Hazırda bu əməkdaşlığın iqtisadi istiqamətlər üzrə də genişləndirilməsi tərəfdaşlığa yeni məzmun qazandırır. Xüsusilə sənayenin müxtəlif sahələri, kənd təsərrüfatı, yaşıl enerji və yüngül sənaye istiqamətlərində ciddi əməkdaşlıq potensialı mövcuddur. Əldə olunacaq yeni razılaşmalar həmin potensialın reallaşdırılmasına və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə imkan verə bilər.
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, eyni zamanda, investisiyaların cəlb olunmasını zəruri edir. Bu, həm ticarət həcminin genişlənməsinə, həm də yerli istehsalın inkişafına müsbət təsir göstərə bilər.
Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu nəzərə alsaq, bu istiqamətdə müştərək müəssisələrin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə yüngül sənaye sahəsində yerli və xarici investisiyalar hesabına birgə müəssisələrin qurulması səmərəli nəticələr verə bilər. Belə layihələr istehsal imkanlarının genişləndirilməsinə, yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına və müəyyən edilmiş strateji hədəflərin reallaşdırılmasına xidmət edər.
Bununla yanaşı, energetika, yaşıl enerji və bərpaolunan enerji sahələrində yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün də geniş imkanlar var. Bu istiqamətdə əməkdaşlığın inkişafı investisiyaların cəlb olunmasını, müasir texnologiyaların tətbiqini və qarşılıqlı təcrübə mübadiləsini təşviq edə bilər.
Digər mühüm istiqamətlərdən biri Azərbaycanda istehsal olunan məhsulların Vyetnam bazarına, eləcə də Vyetnam vasitəsilə Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsidir. Bu baxımdan Vyetnamın iqtisadi inkişaf təcrübəsi də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Vyetnam hazırda böyük iqtisadi potensiala malik olmaqla yanaşı, sürətlə inkişaf edən ölkələr sırasındadır. ABŞ-ın bu ölkəyə böyük həcmdə investisiyalar yatırması Vyetnam iqtisadiyyatının inkişafına mühüm töhfə verib. Bu proses yeni texnologiyaların tətbiqinə, dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalına və ixrac imkanlarının genişlənməsinə şərait yaradıb. Şübhəsiz ki, Vyetnamın bu sahədə əldə etdiyi təcrübə Azərbaycan üçün də faydalı ola bilər.
Digər tərəfdən, Vyetnam məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması da əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Nəzərə alsaq ki, 2025-ci ildə Azərbaycan üzərindən daşınan Vyetnam məhsullarının həcmi əvvəlki dövrlə müqayisədə iki dəfə, 2026-cı ilin ilk doqquz ayında isə altı dəfə artıb, bu, ölkəmizin tranzit və logistika imkanlarından istifadənin genişləndiyini göstərir.
Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan öz tranzit potensialından səmərəli istifadə etməklə Vyetnam istehsalçıları üçün Avropa bazarlarına çıxış baxımından mühüm nəqliyyat-logistika marşrutlarından birinə çevrilə bilər. Beləliklə, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsinə, qarşılıqlı ticarət əlaqələrinin intensivləşməsinə və nəqliyyat-logistika sahəsində yeni imkanların formalaşmasına şərait yaradacaq”.