Azərbaycanda turizm sektorunun əlavə dəyəri açıqlanıb
2025-ci ildə Azərbaycanda turizmlə bağlı fəaliyyətlərin yaratdığı əlavə dəyər təxminən 7 milyard manat təşkil edib.
Operativ Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən sessiyada deyib.
O bildirib ki, turizmin ölkə iqtisadiyyatında payı təxminən 5,4%-ə çatıb. Fuad Nağıyev turizmin iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynadığını qeyd edib.
Agentlik sədri turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, proqramın əsas prioritetlərindən biri daha əlverişli və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.
Fuad Nağıyev bildirib ki, proqram çərçivəsində mehmanxanalar, sağlamlıq və kurort müəssisələri, qış turizmi obyektləri, həmçinin konfrans infrastrukturu üzrə investisiya layihələri üçün kredit faiz subsidiyalarına dair yeni mexanizm nəzərdə tutulur.
“Bu proqram növbəti dörd il üçün yol xəritəsi rolunu oynayır”, - Dövlət Turizm Agentliyinin sədri bildirib.
O əlavə edib ki, proqram çərçivəsində yerləşmə infrastrukturuna investisiyaların subsidiyalaşdırılması, əlavə müntəzəm və çarter aviareyslərinin dəstəklənməsi, beynəlxalq turistlərin cəlb edilməsi, turizmlə bağlı tədbirlərə, eləcə də mikro və kiçik turizm bizneslərinə dəstək mexanizmləri də nəzərdə tutulur.
Fuad Nağıyev turizm və rekreasiya zonalarının inkişafının investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
dəqiqələr içində saytın olsun.