Menyu

Elmir Məmmədov: “Genişmiqyaslı layihələr əmək bazarında inklüziv mühitin formalaşdırılmasına xidmət edir”

Operativ Media
Elmir Məmmədov: “Genişmiqyaslı layihələr əmək bazarında inklüziv mühitin formalaşdırılmasına xidmət edir”
1 dəq oxu

“SOCAR hazırda Azərbaycanda ən böyük işəgötürənlərdən biridir. Şirkətin genişmiqyaslı fəaliyyəti inklüziv məşğulluğun təşviqi və əmək bazarında bərabər imkanların yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır”.

Operativ Media xəbər verir ki, bunu SOCAR TECH-in Baş icraçı direktorunun müavini Elmir Məmmədov Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində keçirilən panel müzakirəsində deyib. O bildirib ki, SOCAR-ın bu sahədə əsas istiqamətlərindən biri əmək bazarında inklüzivlik prinsiplərinin təşviq edilməsi və müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

E.Məmmədovun sözlərinə görə, kiçik şirkətlərdə inklüzivlik, müxtəliflik və bərabərlik prinsipləri əsasən təşkilati dəyərlərin formalaşmasına xidmət etdiyi halda, SOCAR kimi iri şirkətlərin bu istiqamətdə atdığı addımlar bütövlükdə əmək bazarına təsir göstərmək potensialına malikdir.

“Kiçik ölçülü şirkətlərdə inklüzivlik, müxtəliflik və bərabərlik prinsipləri müəyyən dəyərlər və sistem formalaşdırırsa, SOCAR kimi böyük şirkətlərdə atılan addımlar, əslində, əmək bazarının formalaşmasına təsir edir. Bu proses biznesi dövlətlə, eyni zamanda, təhsil müəssisələri ilə sıx şəkildə birləşdirir”, – deyə o qeyd edib.

SOCAR rəsmisi vurğulayıb ki, hazırda şirkətlər qrupu üzrə təxminən 45 min əməkdaş çalışır.

E.Məmmədov həmçinin SOCAR-ın startaplar sahəsində həyata keçirdiyi layihələrə diqqət çəkib və şirkətin inklüzivlik istiqamətində fəaliyyətinin müxtəlif sosial qrupları əhatə etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə görülən işlər yalnız autizmli gənclərlə məhdudlaşmır. Sağlamlıq imkanları məhdud şəxslərin, şəhid ailələrinin üzvlərinin, Qarabağ qazilərinin və əlilliyi olan digər əməkdaşların məşğulluq imkanlarının genişləndirilməsi də diqqət mərkəzindədir.

E.Məmmədov qeyd edib ki, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr əmək bazarında inklüziv mühitin formalaşdırılmasına, müxtəlif sosial qrupların iş həyatında iştirakının artırılmasına və onlar üçün daha əlçatan imkanların yaradılmasına xidmət edir.

Əlaqəli Xəbərlər