Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı neyromüxtəlifliyi olan gənclərin məşğulluq imkanlarına töhfə verəcək
“Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı” çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə cəmiyyətə mühüm mesajlar çatdırılacaq, neyromüxtəlifliyi olan şəxslərin əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarının artırılması istiqamətində vacib məsələlər müzakirə ediləcək.
Operativ Media xəbər verir ki, bunu “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, konfransda inklüziv məşğulluğun inkişafı, neyromüxtəlifliyi olan gənclərin əmək bazarına keçidi və onlar üçün daha geniş iş imkanlarının yaradılması kimi strateji məsələlər diqqət mərkəzində olacaq.
A.Eynalova bildirib ki, tədbir çərçivəsində aparılacaq müzakirələr və səsləndiriləcək təkliflər gələcəkdə bu istiqamətdə mühüm qərarların qəbul edilməsinə zəmin yarada bilər:
“Burada çox önəmli strateji məsələlər müzakirə olunacaq. Bunlardan biri gələcəkdə neyromüxtəlifliyi olan gənclərin əmək bazarına keçidi mövzusudur. Əminəm ki, bu konfransın nəticəsində çox önəmli qərarlar qəbul ediləcək. Bununla da dövlət strukturlarında, özəl sektorda və müxtəlif iş yerlərində neyromüxtəlifliyi olan gənclərimiz üçün daha çox iş imkanları yaradılacaq”.
İctimai Birliyin təsisçisi vurğulayıb ki, inklüziv məşğulluğun inkişafı yalnız iş imkanlarının yaradılması ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, neyromüxtəlifliyi olan şəxslərin cəmiyyətə daha fəal inteqrasiyasına, onların potensiallarını reallaşdırmasına və müstəqil həyat imkanlarının genişlənməsinə şərait yaradır.
A.Eynalova qeyd edib ki, təmsil etdiyi təşkilat 15 ilə yaxındır bu istiqamətdə fəaliyyət göstərir və müxtəlif mühüm layihələr həyata keçirir. Həmin layihələr neyromüxtəlifliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə, onların həyat keyfiyyətinin yüksəldilməsinə və sosial imkanlarının genişləndirilməsinə yönəlib.
O əlavə edib ki, Birinci Beynəlxalq İnklüziv Məşğulluq Konfransı bu sahədə təcrübə mübadiləsi aparmaq, mövcud çağırışları müzakirə etmək və neyromüxtəlifliyi olan gənclərin əmək bazarında iştirakını artıracaq təşəbbüsləri təşviq etmək baxımından mühüm əhəmiyyət daşıyır.