Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi qəbul edilib
Parlament Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini qəbul edib.
Operativ Media xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.
Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.