Suriya və Dünya Bankı bərpa fondu yaratmaq barədə razılaşıb
Suriya və Dünya Bankı ölkənin bərpası və yenidən qurulmasına dəstək məqsədilə çoxtərəfli donor fondu yaradılması barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında bildirilib. Sənəd SANA agentliyi tərəfindən yayımlanıb.
Razılaşmaya əsasən, “Suriyanın Bərpası və Yenidən Qurulmasına Dəstək üzrə Etimad Fondu” (START) yaradılacaq. Fond güzəştli maliyyələşdirmə, investisiya zəmanətləri və texniki dəstəyin təmin edilməsini, eləcə də ölkənin institusional potensialının gücləndirilməsini nəzərdə tutur.
Fond Dünya Bankı tərəfindən donorlar və inkişaf tərəfdaşları ilə birgə idarə olunacaq. Fəaliyyət ölkə hakimiyyətinin müəyyən etdiyi prioritetlərə uyğun həyata keçiriləcək.
Mexanizmin beynəlxalq dəstəyin səfərbər edilməsinə, yardımın əlaqələndirilməsinə, iqtisadi bərpanın sürətləndirilməsinə, yenidənqurma işlərinə və institusional islahatlara töhfə verməsi planlaşdırılır.
Suriyanın maliyyə naziri Məhəmməd Yasir Barnie razılaşmanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olduğunu bildirib. O, ölkəsinin dürüstlük, şəffaflıq, hesabatlılıq və düzgün idarəetmə sahəsində ən yüksək standartlara sadiqliyini təsdiqləyib.