Deputat: Hər bir vətəndaş dövlət hesabına hüquqi yardım ala biləcək
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ölkəmizin hüquq sistemində, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamran Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, məhkəmə müdafiəsi və hüquqi yardım almaq imkanı hər bir vətəndaş üçün real həyatda əlçatan olmalıdır. Onun sözlərinə görə, qanun layihəsi ədalət mühakiməsinə hamı üçün bərabər və maneəsiz əlçatanlıq prinsipinin reallaşdırılmasına xidmət edir.
K.Bayramov qeyd edib ki, layihə maliyyə imkanlarından asılı olmayaraq cəmiyyətin həssas təbəqələrinin dövlət hesabına keyfiyyətli hüquqi yardım almasına imkan yaradacaq.
Deputat qanun layihəsində hüquqi yardımın ilkin və peşəkar hüquqi yardım olmaqla iki səviyyəyə bölünməsini, həmçinin “paraleqal” institutunun və ali təhsil müəssisələrində “hüquq klinikaları”nın fəaliyyətinin qanunvericilik səviyyəsində təsbit edilməsini mühüm yeniliklər kimi qiymətləndirib.
O vurğulayıb ki, bu mexanizmlər xüsusilə regionlarda və ucqar kəndlərdə yaşayan vətəndaşların hüquqi məlumatlandırılmasına, ərizə və müraciətlərinin hazırlanmasına kömək edəcək.
K.Bayramovun sözlərinə görə, layihədə vəkillərin il ərzində ödənişsiz hüquqi yardım göstərməsi öhdəliyinin nəzərdə tutulması vəkillik peşəsinin sosial məsuliyyətini artıracaq. Xidmətlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, ödənişlərin müəyyən edilmiş qaydada hesablanması, eləcə də elektron reyestrlərin və hesabatlılıq mexanizmlərinin tətbiqi sistemdə şəffaflığı təmin edəcək.
Deputat layihənin konseptual baxımdan yüksək səviyyədə hazırlandığını bildirərək onun dəstəklənməsinin və qəbul edilməsinin vacibliyini vurğulayıb.