Almaniyanın Bavariya əyalətinin iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Almaniyanın “Azad Seçicilər” (FW) partiyasının lideri, Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvanqer Berlinin mərkəzindəki hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.
Operativ Media xəbər verir ki, bu barədə “Bild” qəzeti Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 55 yaşlı siyasətçi çərşənbə günü Berlində “Azad Seçicilər” partiyasının yeni ofisinin açılışında iştirak etməyib. Özünü yaxşı hiss etmədiyini bildirən Ayvanqer “Neuer Fritz” hotelində qalıb.
Onun ölüm səbəbi hələlik məlum deyil. Qəzetin məlumatına görə, hadisə barədə siyasətçinin ailəsinə məlumat verilib.
Ayvanqer evli olmayıb. O, siyasətçi Taniya Şvayqerlə birlikdə yaşayıb və onların iki övladı olub.
Qeyd edək ki, Hubert Ayvanqer 2006-cı ildən Bavariyada “Azad Seçicilər” partiyasına rəhbərlik edib. 2010-cu ildə isə partiyanın federal səviyyədə sədri seçilib.
O, 2008-ci ildən Bavariya Landtaqının deputatı olub. 2018-ci il regional seçkilərindən sonra Bavariyanın baş nazirinin müavini, iqtisadiyyat, inkişaf və energetika naziri vəzifələrinə təyin edilib.
Ayvanqer mühafizəkar siyasi baxışları ilə tanınıb və Avropa İttifaqının qərarlarını ardıcıl şəkildə tənqid edib.