Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub
Noyabrın 4-də 6-cı Korkut Ata Türk Dünyası Film Festivalının çərçivəsində Kino Zirvəsi keçirilib.
Operativ Media xəbər verir ki, zirvə toplantısında 10 ölkə və 10 muxtariyyatı təmsil edən kino xadimləri bu sahədəki mövcud əlaqələrin vəziyyətini müzakirə ediblər.
Sammitdə Türk dünyasının kino sahəsindəki yaradıcı potensialını birləşdirmək və ortaya birgə layihələr qoymaq istiqamətində əməkdaşlıq imkanları araşdırılıb. Sammit iştirakçıları Türk ölkələri üçün Avropa Şurasının kinonu dəstəkləməyə xidmət edən “Eurimages” proqramına bənzər formatın yaradılması imkanlarını nəzərdən keçiriblər. Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) audivizual və yaradıcı sənayelər şöbəsinin müdiri Turan Məmmədli son üç il ərzində ölkədə kino sənayesinin inkişafı ilə bağlı məlumat verib.
O bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi 2023–2026-cı illər ərzində ümumilikdə 130 film layihəsinə maliyyə dəstəyi göstərib. Bu layihələrdən 73-nün istehsalı başa çatdırılıb, 57 filmin istehsalı hələ davam edir.
Turan Məmmədli rejissor Vaqif Mustafayevin altı türk dövlətinin dəstəyi ilə çəkilən "Nasreddin Hoca" (“Molla Nəsrəddin: Çətin günlərimin dostu”) tammetrajlı bədii filminin kino sahəsində əməkdaşlığın uğurlu nümunəsi olduğunu vurğulayıb.
O, birgə tədbirlərin təşkili və əməkdaşlığın genişləndirilməsi, eləcə də ortaq film layihələrinin maliyyələşdirilməsi üçün xüsusi fondun yaradılmasının zəruriliyini vurğulayıb.
Turan Məmmədli türkdilli ölkələrin uşaq auditoriyası üçün animasiya filmlərinin birgə istehsalı sahəsində əməkdaşlığın vacibliyini deyərək, dekabr ayında Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklifilə çıxış edib.