Tramp İrana qarşı fövqəladə vəziyyət rejimini daha bir il uzadıb
ABŞ Prezidenti Donald Tramp İranla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il artırıb. Bununla da Tehrana qarşı birtərəfli sanksiyalar qüvvədə qalacaq.
Operativ Media xəbər verir ki, bu barədə Trampın ABŞ hökumətinin Federal Reyestrində dərc olunan bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, Vaşinqtonla Tehran arasında münasibətlər hələ də normallaşmayıb. Bundan əlavə, 1981-ci il yanvarın 19-da imzalanmış Əlcəzair razılaşmalarının icrası prosesi davam edir. Həmin sənəd 1979-cu il inqilabından sonra Tehranda bir ildən artıq girov saxlanılan amerikalı diplomatların azad edilməsinə şərait yaradıb.
Tramp bu halları əsas gətirərək 1979-cu il noyabrın 14-də elan edilmiş fövqəladə vəziyyət rejiminin 2026-cı il noyabrın 14-dən sonra da qüvvədə saxlanılmasını qərara alıb.
Xatırladaq ki, ABŞ-nin sabiq prezidenti Cimmi Karter 1979-cu il noyabrın 14-də Tehranda amerikalıların girov götürülməsindən sonra 12170 saylı sərəncam imzalayıb. Həmin qərarla ABŞ ərazisindəki İranın rəsmi aktivləri, o cümlədən bank hesabları dondurulub.
1980-ci il aprelin 7-də isə Karter İranla diplomatik münasibətləri kəsib və bu ölkəyə ərzaq, dərman preparatları da daxil olmaqla, məhsul ixracına qadağa qoyub. Sonrakı mərhələdə ABŞ İrandan mal idxalını və amerikalıların bu ölkəyə səfərlərini də qadağan edib.