FIFA AFFA-ya U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib
Beynəlxalq futbol qurumu FIFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 22–30 oktyabr 2026-cı il tarixlərində ölkəmizdə keçirilmiş FIFA U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Operativ Media xəbər verir ki, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda FIFA U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib.
“Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olmuşdur. Bu baxımdan, AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik”, – deyə məktubda bildirilib.
Məktubda Pyerluici Kollina hakimliyin təşkili və oyunların idarə olunmasında iştirak edən bütün AFFA əməkdaşlarına, xüsusilə də azərbaycanlı futbol hakimlərinə FIFA U-15 Dünya Çempionatı və Festivalının uğurla keçirilməsinə verdikləri əvəzsiz töhfəyə görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanda keçirilmiş FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunlarında ümumilikdə 86 hakim iştirak edib. Onlardan 80-i azərbaycanlı, 3-ü Gürcüstandan, 3-ü isə Türkiyədən dəvət olunmuş hakimlər olub.