Böyük Britaniya ikinci hərbi peykini orbitə buraxıb
Böyük Britaniya Yer səthinin müşahidəsi məqsədilə ikinci hərbi peyki olan “Titania”nı orbitə buraxıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, peyk oktyabr ayında orbitə buraxılıb.Təxminən 100 kiloqram ağırlığında olan “Titania” Yer ətrafında hər 90 dəqiqədən bir dövr edir və saatda 27 min kilometr sürətlə hərəkət edir.
Peyk İngiltərənin Hempşir qraflığında Müdafiə Elmləri və Texnologiyaları Laboratoriyası (DSTL) ilə “BAE Systems” şirkətinin tərəfdaşlığı çərçivəsində hazırlanıb və istehsal olunub.
Qeyd edək ki, Böyük Britaniya ilk hərbi peyki “Tyche”ni 2024-cü ilin avqustunda orbitə çıxarıb. 2027-ci ildə isə “Juno” və “Oberon” peyklərinin buraxılması planlaşdırılır.
Bundan əlavə, London “Inaros” layihəsi çərçivəsində kosmosdakı hərəkətləri izləmək üçün üç neyromorfik sensoru sınaqdan keçirəcək. Sensorlar Avstraliya, Böyük Britaniya və Kiprdə yerləşdiriləcək.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu sensorlar ölkənin peykləri yaxınlığında qeyri-adi və ya təhlükə yarada biləcək fəaliyyətləri aşkar etmək üçün erkən xəbərdarlıq sistemi kimi istifadə oluna bilər.