Cüdo üzrə 5 qat olimpiya çempionu Fransa prezidentliyinə namizədliyini açıqlayıb
Olimpiya Oyunlarının beşqat çempionu, fransalı cüdoçu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, idmançı bu barədə “Instagram” hesabında paylaşım edib.
Riner siyasət sahəsində təcrübəsinin olmadığını etiraf etsə də, Fransanın artan dövlət borcu və küçələrdəki təhlükəsizlik problemlərinə diqqət çəkib.
O bildirib ki, idman karyerası boyunca dəfələrlə mübarizə aparıb, məğlubiyyətlərdən sonra yenidən ayağa qalxmağın nə demək olduğunu bilir. Riner, həmçinin adi fransızların gündəlik həyatının çətinliklərini yaxından tanıdığını vurğulayıb.
Cüdoçu Fransaya uzun-uzadı çıxışlar edən və fəaliyyətsiz qalan peşəkar siyasətçilər deyil, sağlam düşüncə, qətiyyət, ədalət və asayişi təmin edən dövlət idarəçiliyinin lazım olduğunu bildirib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turunun 2027-ci il aprelin 18-də keçirilməsi nəzərdə tutulur. Namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu qazanmasa, ən çox səs toplayan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
Mənbənin istinad etdiyi sosioloji sorğulara əsasən, ikinci tura solçu “Tabe Olmayan Fransa” partiyasının namizədi Jan-Lük Melanşon və sağçı “Milli Birlik” partiyasının namizədi Marin Le Penin yüksəlməsi ehtimalı göstərilir.