Almaniyada prezidentliyə ilk qadın namizəd irəli sürülüb
Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDS) Bavariya parlamentinin sədri, Xristian-Sosial İttifaqının (XSİ) nümayəndəsi İlse Aiqneri ölkə prezidentliyinə namizəd irəli sürüb.
Operativ Media xəbər verir ki, bu barədə Fridrix Merts Berlində keçirdiyi mətbuat konfransında məlumat verib.
Kanslerin sözlərinə görə, XDS-in idarə heyəti onun təklifini qəbul edərək Aiqnerin namizədliyini təsdiqləyib. Merts digər siyasi partiyalardan gələn müsbət reaksiyaların namizədin geniş dəstək qazana biləcəyini göstərdiyini bildirib.
O, Almaniyanın dövlət başçısı vəzifəsinə qadının seçilməsi üçün artıq uyğun zamanın yetişdiyini vurğulayıb.
İlse Aiqner seçiləcəyi təqdirdə Almaniya Federativ Respublikasının tarixində prezident postunu tutan ilk qadın və XSİ-nin ilk nümayəndəsi olacaq. Almaniya Sosial-Demokrat Partiyası da daha əvvəl onun namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Almaniyanın növbəti prezidentini seçmək üçün Federal Məclis 2027-ci il yanvarın 30-da toplanacaq. 1260 nümayəndədən ibarət qurumun yarısını Bundestaq deputatları, digər yarısını isə federal torpaqların parlamentləri tərəfindən seçilən nümayəndələr təşkil edir.
Hazırkı prezident Frank-Valter Ştaynmayer iki müddət vəzifədə olduğuna görə yenidən namizədliyini irəli sürə bilməz.