Zelenski ABŞ və "SpaceX" şirkəti ilə sıx işləmək barədə tapşırıq verib
Rusiya ordusu son bir həftə ərzində Ukrayna ərazisinə 2 300-dən çox zərbə pilotsuz uçuş aparatı (PUA), 1 590 aviabomba və müxtəlif tipli 15 raketlə zərbələr endirib, son hücumlar nəticəsində 16 nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, gecə və səhər saatlarında Zaporojye, Sumı, Odessa, Jitomir və Kirovoqrad vilayətlərində energetika obyektləri, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərində isə dəmir yolu infrastrukturu hədəfə alınıb. Bundan başqa, Donetsk və Kiyev vilayətlərinə də zərbələr endirilib.
Ukrayna lideri qeyd edib ki, Rusiya qüvvələri yarımstansiyalara "Şahed" PUA-ları ilə hücum edir və bu zərbələrin bir çoxu cəbhə xətti boyu, eləcə də müvəqqəti işğal olunmuş ərazilərdə "Starshield" terminallarının iş sürətinə tətbiq edilən məhdudiyyətlər səbəbindən baş tutur.
Belə ki, Ukraynanın önləyici dronları saatda 161 kilometr (100 mil) sürət həddində operatorlarla əlaqəni itirir və Rusiyanın reaktiv "Şahed" dronlarına çata bilmir.
Ukrayna lideri qış mövsümü ərəfəsində insanların həyatının və ölkə energetikasının qorunmasının birbaşa bu amildən asılı olduğunu vurğulayaraq, sözügedən məhdudiyyətlərin aradan qaldırılacağına ümid etdiyini bildirib.
Bu məqsədlə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Prezident Ofisinin komandalarına ABŞ tərəfi və "SpaceX" şirkəti ilə maksimum sıx işləmək barədə tapşırıq verilib.