Menyu

Rizvan Nəbiyev: Vyetnamla ticarət dövriyyəsini artırmaq üçün geniş imkanlar var

Operativ Media
Rizvan Nəbiyev: Vyetnamla ticarət dövriyyəsini artırmaq üçün geniş imkanlar var
2 dəq oxu

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının konkret iqtisadi nəticələrə çevrilməsi üçün geniş imkanlar mövcuddur.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Rizvan Nəbiyev bildirib.

Deputatın sözlərinə görə, səfər 2025-ci ildə təsis edilmiş strateji tərəfdaşlığın praktik məzmunla zənginləşdirilməsi baxımından mühüm siyasi və diplomatik hadisədir.

O qeyd edib ki, Vyetnam Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək ifadə edib. Bu ortaq yanaşma beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün də etibarlı əsas yaradır.

R.Nəbiyev vurğulayıb ki, Azərbaycanın Avropa ilə Asiya arasında strateji coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları Vyetnamın Cənub-Şərqi Asiyadakı istehsal, ticarət və investisiya potensialı ilə bir-birini tamamlayır. Onun fikrincə, bu üstünlüklərin birləşdirilməsi Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında yeni iqtisadi və nəqliyyat bağlantılarının inkişafına şərait yarada bilər.

Deputat bildirib ki, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, ölkələrin iqtisadi potensialı nəzərə alınaraq bu göstəricinin daha da artırılması üçün geniş imkanlar var.

O, nəqliyyat və logistika əməkdaşlığını əsas istiqamətlərdən biri kimi qeyd edib. Bildirib ki, Azərbaycan Orta Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır, Vyetnam isə Cənub-Şərqi Asiyanın inkişaf edən istehsal və ixrac mərkəzlərindəndir. Bu imkanların birləşdirilməsi qarşılıqlı ticarətin genişlənməsinə, yükdaşımaların artmasına və Azərbaycanın beynəlxalq tranzit mövqeyinin güclənməsinə xidmət edə bilər.

R.Nəbiyev 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının təxminən altı dəfə artmasının da bu istiqamətdə mövcud potensialı nümayiş etdirdiyini bildirib.

Deputatın sözlərinə görə, iqtisadi əməkdaşlığın genişləndirilməsi investisiyaların cəlbinə və Azərbaycan məhsullarının Vyetnam bazarına çıxışına da imkan yaradacaq. Bu baxımdan əməkdaşlığın ənənəvi enerji sektorundan kənara çıxarılaraq sənaye, bərpaolunan enerji, infrastruktur, kənd təsərrüfatı və qeyri-neft ixracı sahələrini əhatə etməsi vacibdir.

O, SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın neft-qaz layihələri, texniki xidmətlər və mütəxəssis hazırlığı baxımından perspektivli olduğunu qeyd edib. Həmçinin Vyetnamın ROX Group şirkətinin Azərbaycanda tikinti, infrastruktur, günəş və külək enerjisi layihələrinə marağını investisiya əməkdaşlığının genişlənməsi üçün mühüm göstərici kimi qiymətləndirib.

R.Nəbiyev əlavə edib ki, Azərbaycanın qida sənayesi, kənd təsərrüfatı və digər qeyri-neft məhsullarının Vyetnam bazarına çıxışı üçün də imkanlar mövcuddur. Bunun üçün biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, sərgilərdə iştirak, məhsulların sertifikatlaşdırılması, logistika xərclərinin azaldılması və birbaşa işgüzar əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, həm də onun strukturunu şaxələndirmək, Azərbaycan ixracının payını yüksəltmək və qarşılıqlı investisiyaları uzunmüddətli iqtisadi tərəfdaşlığın əsasına çevirməkdir.

Əlaqəli Xəbərlər