Avtomobil yağı alarkən nələrə diqqət etmək lazımdır?
"Bazarda olan saxta mühərrik yağları sürücüləri minlərlə manat ziyana salır".
Bunu "Operativ Media" ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli bildirib.
Ustanın sözlərinə görə, saxta yağ mühərrikdə aşınmaya və nəticə etibarilə tam sıradan çıxmasına səbəb olur.
Bu yağlar bazara necə daxil olur?
"Demək olar ki, heçbir tanınmış servis bu yağları satmır, şəbəkə mağazalar satmır. Adətən sexlərdə düzəldilən bu yağları elə kiçik sexlərdə də satışa çıxarırlar. Yol kənarlarına düzülüb satılan yağların da mənşəyi bəlli deyil",- deyə usta bildirib.
Dəniz Ağabəyli onu da bildirdi ki, sürücülər yağ almazdan əvvəl usta ilə məsləhətləşməlidir. Mühərrikə hansı yağ tövsiyyə olunur və hardan alsın.
"Əksər hallarda müştəri baxırıq ki, heç tanınmayan bir firmanın yağını alıb gətirib. Biz o yağı dəyişmirik. Çünki, sabah o mühərrikdə problem olsa sürücü ustanı günahlandıracaq. Bəzən tanınmış firmaların yağlarını da alan sürücülər olur ki, biz qiymətini soruşduqda görürük ki, bu qiymətə orijinal ola bilməz. Ona görə də yağ dəyişərkən onun qabını deşirik ki, hansısa işbaz təkrar istifadə edə bilməsin".
Avtomobil ustasının sözlərinə görə, yağ qədər onun filtiri də mühərrikin ömrünə əsas təsir edən amillərdəndir.
"Sürücülər çalışsın ki, ipli yağ filtri alsınlar. Əli ilə toxunduqda laylar əvvəlki vəziyyətinə qayıtmalıdı, tam əzilməməlidir. Filtrin düzgün seçilməməsi də mühərrikin sıradan çıxmasına səbəb ola bilər.