Menyu

Kənd təsərrüfatı naziri ADAU-nun kollektivi ilə görüşüb

Nərmin Qocamanlı
Kənd təsərrüfatı naziri ADAU-nun kollektivi ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetində 2022-2023-cü tədris ili başa çatıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADAU-nun professor-müəllim heyəti ilə görüşüb, yekunlaşan tədris ilində universitetdə görülən işləri dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb.

Bildirilib ki, son tədris ilində universitetdə kadr hazırlığı prosesinin təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb.

ADAU və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə bakalavriat səviyyəsində dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçirilib. Tələbə qəbulu aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə aparılıb. Qəbul olmuş tələbələr öz ixtisasları üzrə 4 illik proqramın ilk 3 ilini ADAU-da, son 1 ilini isə İzmirdə Ege Universitetində təhsil alırlar.

2022-2023-cü tədris ilində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi davam etdirilib, fakültələr üçün müasir laboratoriya avadanlıqları alınıb, tədrisin tam şəkildə laboratoriyalarda və tədris təcrübə təsərrüfatında yaradılmış yay və qış auditoriyalarında keçirilməsi təmin edilib.

Hər iki semestr üzrə tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində şəffaflığın tam təmin olunması üçün imtahan sisteminə dəyişiklik edilib, proses tam elektronlaşdırılıb. Yeni sistem tələbələrin bilik və bacarıqlarının tam düzgün dəyərləndirilməsini təmin edir.

Nazir Məcnun Məmmədov ADAU-nun tədris korpuslarında quraşdırılmış yeni laboratoriyalar, simulyasiya otaqları ilə tanış olub, İnnovasiya Mərkəzinə, Karyera Mərkəzinə, Biotexnologiya Mərkəzinə, Tələbə Evinə, Peşə Təlim Mərkəzinə, Baytarlıq Klinikasına, Texnika Parkına, Tədris-Təcrübə Təsərrüfatına baş çəkib, kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı prosesini dəyərləndirib.

Teqlər:

"Kənd təsərrüfatı naziri ADAU-nun kollektivi ilə görüşüb"

Əlaqəli Xəbərlər