Bərdədə bələdiyyə sədrləri cərimələnib
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, inzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə rayonun Hacıbədəlli və Pərioğullar kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən digər təfbirlərlə 8 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.