Meteohəssas insanlar maqnit qasırğasını hiss edirlər?
Bəzən hava şəraiti bir qrup insana narahatlıq yarada bilir. Məhz buna görə də hava haqqında proqnozlarda adətən “meteohəssas insanlar”a diqqətli olmaq barədə xəbərdarlıqlar edilir. Son vaxtlar havada maqnit qasırğasının olması da həmin insanların orqanizminə ciddi təsir göstərir, müəyyən narahatlıqlar yaradır.
Mövzu ilə əlaqədar tibb üzrə ekspert Adil Qeybulla “Operativ Media”ya açıqlamasında elektromaqnit qasırğasının canlılara təsiri ilə bağlı dünyada vahid fikir olmadığını bildirib.
Onun sözlərinə görə, bu təsirlər canlı orqanizmdə çox ciddi zərərlər buraxa bilməz:
"Yerlə Günəş arasında cazibə qüvvəsi var və burada baş verən proseslərin əsasında maqnit sahəsi dayanır. Bəzən müəyyən partlayışlar nəticəsində Günəşin ətrafında böyük miqdar aktiv protonlar əmələ gəlir, maqnit sahəsi yüksəlir və bu zaman kosmik küləklər 12 dəqiqə müddətində günəş səthində əmələ gəlmiş partlayış elementlərini yaxın planetlərə, o cümlədən də Yerə gətirir ki, bu da müxtəlif təsirlər göstərə bilər. Adətən iddia olunur ki, müəyyən naviqasiya aparatlarının, incə elektronikanın, kibernetik sistemlərin, bəzi kosmik aparatların sıradan çıxması müşahidə oluna bilər. Lakin bunun canlı orqanizmlərə təsiri ilə bağlı dünyada vahid fikir yoxdur. İlk dəfə Rusiyada bununla bağlı iddialar irəli sürülüb, amma öz təsdiqini tapmayıb. Nəzərə alsaq ki, canlı orqanizmdə yüksək adaptasiya xüsusiyyəti var və hətta ionlaşdırıcı şüalanmaya qarşı müəyyən müdafiə elementləri mövcuddur, bu zaman Günəş radiasiyası canlı orqanizmə çox ciddi zərər verə bilməz. Çünki bunlar ionlaşdırıcı şüalanma deyil”.
Həkimin sözlərinə görə, meteohəssas insanların qasırğanı əvvəlcədən hiss etməsi ilə bağlı iddialar var:
"Guya həmin insanlar bunu hiss etdikdə təzyiqləri qalxır, özlərini pis hiss edirlər, baş ağrıları və halsızlıq müşahidə olunur, amma bunlar da tam təsdiqini tapmayıb. Bununla əsasən, heliobiologiya, yəni Günəş biologiyası sahəsi məşğul olur və Günəş səthində əmələ gələn elektromaqnit qasırğalarının Yer kürəsinə və oradakı canlılara təsirini öyrənir. Lakin mənim fikrimcə, bunu xüsusi şişirtməyə ehtiyac yoxdur. Sadəcə olaraq bu müddət ərzində həmin insanlar ehtiyatlı olmalı, mümkün qədər bayıra çıxmamalı, daha çox evdə vaxt keçirməyə üstünlük verməlidirlər. Çünki bu hadisə bir neçə saatdan bir neçə sutkaya qədər olur, uzun müddət davam edən bir proses deyil”.