Hərbi hissənin yaradılmasının ildönümünə həsr olunan tədbir keçirilib
Nərmin Qocamanlı
Noyabrın 16-da "N" hərbi hissəsinin yaradılmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və sonraki əməliyyatlarda iştirakından danışıblar. Qeyd olunub ki, hərbi hissə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.
Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və hərbi qulluqçuların sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılır.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, məktəblilər tərəfindən tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirin bədii hissəsində vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri səsləndirilib.
Teqlər:
"H\u0259rbi hiss\u0259nin yarad\u0131lmas\u0131n\u0131n ild\u00f6n\u00fcm\u00fcn\u0259 h\u0259sr olunan t\u0259dbir ke\u00e7irilib"