Avtomobillərin informasiya blokunun proqram təminatını dəyişməklə onu “Stage’’ edirlər. Son zamanlar Azərbaycanda bu üsul geniş yayılmaqdadır. Mühərrikin gücünün artırılması üçün edilən bu sistemin nə dərəcədə effektiv olduğu ilə bağlı suallar var.
“Operativ Media”ya açıqlama verən avto-bloqer Xəqani Abbaslı deyir ki, “Stage” yazmaq heç bir halda faydalı deyil. Bu proses mühərrikin gücünü artırsa da, ömrünü azaldır.
“Bakıda sadəcə beyinə əlavə müdaxilə edirlər və limitləri silirlər. Bununla da yanma kamerasına gedən, yanacaq və hava artır. Yanma kamerasında da yanma güclənəndə mühərrik normal temperaturundan artıq qızır. Zavodun qoyduğu limitləri keçəndə mühərrik daha çox aşınır. Azərbaycanda avtomobilini həqiqətən “Stage” edən çox az sayda insan var. Yerdə qalanları isə aldadırlar”.
Xəqani Abbaslı deyir ki, “Stage” üçün mütləq qaydada bütün mərhələləri icra etmək lazımdır. Bu isə heç də ucuz başa gəlmir.
“Stage” etmək yalnız proqram yazmaqla olmur. Mühərrikin soyutma sistemi gücləndirilməlidir ki, qızmanın qarşısı alınsın. Hava giriş və çıxışları dəyişdirilməlidir. Mühərrikin içərisində olan bir sıra detallar dəyişdirilməlidir. Bütün bunlar mühərrikə ziyan vurmadan edilməlidir. Düzgün qaydası 3 mərhələlidir. Hər mərhələdə azı 2-5 min dollar və daha çox pul gedir. Qiymətlər detalların hansı firmadan olmasına görə dəyişir. Daha bahalı variantlar da var. Bakıda 150-200 manata edilən “Stage”in heç bir mənası yoxdur. Ümumiyyətlə turbo mühərrikli matorların “Stage” edilməsi tövsiyyə olunur. Atmosferik mühərrikli maşınlarda fərq elə də hiss edilmir".






