Şamaxıda pirotexniki vasitələrin satışı ilə məşğul olan mağaza sahibi məsuliyyətə cəlb edilib
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması və qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi istiqamətində tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Şəhriyar qəsəbəsində yerləşən mağazada pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib. Mağazadan ümumilikdə 1260 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb. Obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi ) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Həmçinin, şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.