
Bir neçə həftə sonra yeni tədris il başlayacaq. Xaricdə təhsil alan azərbaycanlı tələbələr artıq bilet almağa başlayıblar. Amma aviabiletlərin həddindən artıq bahalığı həmin tələbələri çıxılmaz duruma salıb. Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına “Azərbaycan Hava Yolları” QSC (AZAL) hansı güzəştli tariflər təklif edir. Yaxın gələcəkdə digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırırmı?
“Operativ Media” mövzu ilə bağlı AZAL-a sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, AZAL Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir:
“Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir. Tələbələr üçün güzəştlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirdiyi reyslərinə şamil olunur. Tələbələr xüsusi tariflərdən faydalanmaq üçün AZAL-ın çağrı mərkəzinə ([email protected]) müraciət etməli və müvafiq sənədləri təqdim etməlidirlər.
AZAL rəhbərliyi bildirib ki, digər xarici ölkələrdə təhsil alan tələbələr üçün xüsusi endirimlərin tətbiqi ilə bağlı yeniliklər olduqda, ictimaiyyətə bu barədə məlumat veriləcək.
Məsələ ilə bağlı “Operativ Media”ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dövlət xaricdə təhsil alan tələbəyə biletdə güzəşt etsə, ölkə daxilində oxuyan tələbəyə də ictimai nəqliyyatda güzəşt etməlidir:
"Tələbələr üçün fərqli qiymət siyasətini hava yolları edə bilər. Biz deyə bilmərik ki, tələbəyə güzəşt edilsin. Dövlət bu xərci öz üzərinə götürərək, bilet qiymətinin bir hissəsini büdcədən ayırıb verə bilər. Amma bu zaman ikinci bir məqam ortaya çıxır. Bəs ölkə daxilində təhsil alan tələbə niyə güzəşt edilmir? Ölkə daxilində təhsil alan tələbə də ictimai nəqliyyatdan istifadə edir. O zaman ölkə daxilində oxuyan tələbəyə də güzəşt edilməldir.
AZAL dünyanın müəyyən ölkələrinə uçur. Dövlət şirkəti olduğu üçün AZAL müəyyən güzəştlər edə bilər. Bu zaman isə fərqli bir problem ortaya çıxır. Misal üçün AZAL Kanadanın hansısa şəhərinə uçmursa, orada oxuyan tələbə necə olmalıdır?”
İqtisadçı xaricdə təhsil alan tələbələrinin daha yaxşı maddi imkanlara sahib olduğunu vurğulayıb:
"Ümumiyyətlə tələbənin xaricdə oxumağa imkanı varmı, bu ixtisas Azərbaycanda tədris edilmir? Bu suallara düzgün cavab tapmaq lazımdır. Daha çox maddi baxımdan imkanı daha yaxşı olan tələbələr xaricdə təhsil alır. İmkanı varsa, niyə bilet almasın? Kasıb tələbə Bakıda oxusun, amma xaricdə oxuyan güzəştli bilet alsın. Bu cür güzəştlərin büdcə tərəfindən verilməsinin tərəfdarı deyiləm. Bu düzgün deyil. Bunu yalnız hava şirkətləri özləri edə bilər”.
Xalid Kərimli xaricdə oxuyan tələbəyə güzəşt edildiyi halda, ölkə daxilindəki tələbəyə həmin məbləğin nağd şəkildə verilməli olduğunu bildirib:
“Əgər xaricdə oxuyan tələbənin bilet qiymətində müəyyən güzəşt edilirsə, ölkə daxilində təhsil alan tələbəyə həmin məbləğ nağd şəkildə verilməlidir. Tələbələr arasınnda ayrı-seçkinlik yaratmaq olmaz. Azərbyacan, xaricə dövlət xətti ilə gedən tələbələrə maddi dəstək verir. Bu zaman ixtisas nəzərə alınır. Əgər tələbə kefi istədiyi üçün İtalya, Almaniya, Türkiyədə oxuyursa, xərcləri də özü qarşılamalıdır. Əgər bilet bahadırsa, ölkə daxilindəki universitetlərdə oxusun”.