Azərbaycanda toy biznesi çox gəlirli sahələrdən biridir. Evlilik hazırlığında olan şəxslərin əsas suallarından biri şadlıq saraylarının menyu qiymətləridir. Bakıdakı şadlıq saraylarının qiymətləri adətən yüksəkdir və bu, toy xərclərinin artmasına səbəb olur.
"Operativ Media" Bakıdakı bəzi şadlıq saraylarının menyu qiymətlərini təqdim edir:
1
|
“Ay İşığı”
|
100-200 AZN
|
2
|
“ Neon Palace”
|
90-160 AZN
|
3
|
"Mona liza"
|
65-150 AZN
|
4
|
"Çıraq Palace"
|
55-85 AZN
|
5
|
“NİEL"
|
100-160 AZN
|
6
|
“Böyük Saray”
|
250-400 AZN
|
7
|
“Günay”
|
120-170 AZN
|
8
|
" Manto Korlo"
|
60 AZN başlayır
|
9
|
“Sapfir Saray”
|
160 AZN-dən başlayır
|
10
|
"Zaqulba Saray”
|
120 AZN-dən başlayır
|
Şadlıq saraylarından bildirib ki, bu qiymətlər əsasən menyuya görə dəyişir. Sahibkarlar məhərrəm ayı sonlandığı üçün təlabatın daha çox olduğunu qeyd ediblər.
Bəs bu qiymətlər nəyin əsasında formalaşır?
İqtisadçı Xalid Kərimli bildirib ki, şadlıq sarayları təlabat və xərclərinin çox olması ilə əlaqədar qiymətləri artırıb:
“Şadlıq saraylarının qiymətini içki və ərzaq qiymətləri formalaşdırır. Bu məhsulların bahalaşması şadlıq saraylarının bütün xərclərini artırır. Xərclərin qalxması bilavasitə menyuların maya dəyərinin qiymətini qaldırır.
Qiymətlər eyni zamanda rəqabətə görə dəyişir. Əslində Azərbaycanda şadlıq saraylarının çox olması qiymətlərin qalxmasına imkan vermir. Hazırda qiymətlərin qalxmasının bir neçə səbəbi var. İlk olaraq deyə bilərik ki, məhərrəm ayından sonra şadlıq saraylarına təlabat artıb. Eyni zamanda noyabr ayında COP29 əlaqədar toyların keçirilməsinə icazə verilməyəcək. Ona görə də hazırda təlabat yüksəkliyi mövcuddur. Şadlıq sarayları təlabat və xərclərinin çox olması ilə əlaqədar qiymətlər yüksəkdir. Təlabat olmayanda şadlıq sarayları endirimli təkliflər edirdi, amma hazırda buna ehtiyac yoxdur”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi şadlıq saraylarının qiymətlərinə bəzi xidmətlərdə təsir edir:
"Qiymətlər müxtəlifdir. Bahalaşma da müşahidə olunur. Toyun xərcləri yalnız iaşə xidmətilə məhdudlaşmır. Buraya foto-video çəkilişlər, müxtəlif animasiyalar, gül-çiçək, nigahın rəsmiləşdirilməsi, rəqslər, avtomobil icarəsi və digər şeyləri də siyahıya əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket qiymətlərinə təsir edir.
Valideynin və ya ailə quranların arzusudur ki, toy şən, firavan, maraqlı keçsin, yadda qalan olsun. Düşünürəm ki, bir çox dəbdə olan xərcləri kəskin şəkildə azaldmaq mümkündür.
Qeyd edim ki iaşə sektorunun dövriyyəsi il ərzində təxminən 1,5 milliard manat təşkil edir və əhəmiyyətli dərəcədə ÜDM-da pay tutur”.
İqtisadçı Rəşad Həsənov sözlərinə görə qiymət artımının ən vacib faktoru azərbaycanlıların toy ənənələrinə verdiyi üstünlükdür:
“Qiymət artımında ən vacib faktor azərbaycanlıların toy ənənələrinə verdiyi üstünlükdür. Cəmiyyətdə bu sosial hadisə düşünürəm ki, ifrat dərəcədə və əhəmiyyətsiz istiqamətlərdə şişirdilir. Bazar isə bu fürsətləri məharətlə dəyərləndirir. Hər gün yeni konsept, yeni menyu, yeni dizayn və s. üsullarla körtəbii istehlaka meyilli olan toplumu təşviq edir. Xüsusilə də sosial statusunu tam olaraq qavramayan vətəndaşlar kütləvi şəkildə bu xidmətlərə müraciət edir. Hətta imkanları buna adekvat olmadığı halda. Borcla, xərclə kənara göstəriş xətrinə bu xidmətli istehlak edirlər”.
Gülcahan Məmmədova