Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB
Sentyabrın 9-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstan Prezidenti, ilk növbədə, ölkədə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Respublikası Prezidentinin iştirakını xüsusi qeyd edib.
Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti öz növbəsində Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.
Bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub.
Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
***
14:16
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Kasım-Jomart Tokayev V Ümumdünya Köçəri Oyunlarına nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair danışıqlar üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Kasım-Jomart Tokayev İlham Əliyevi Qazaxıstan nümayəndələrinin də müşahidə etdiyi parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. Qazaxıstan lideri, həmçinin sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.