Restoranlarda müştəridən tələb edilən “Servis haqqı” necə tənzimlənir?
Hazırda Bakının əksər restoranlarda sonda təqdim edilən hesabda “servis haqqı” da qeyd olunur.
Bəs müştəridən “servis haqqı”nın alınması doğrudurmu, bu qanunla tənzimlənir?
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Operativ Media” üçün məsələyə aydınlıq gətirib.
Sədr “servis haqqı” ilə bağlı ölkədə heç bir qanunun olmadığını bildirib:
“Nə “çay pulu”, nə “servis haqqı”nı tənzimləyən qanun, hansısa bir normativ, hüquqi sənədimiz yoxdur. Qanunvericiliyimizdə bu məsələlərlə bağlı böyük boşluqlar var. Ümumiyyətlə, restoran biznesinin standartlarını, fəaliyyətini tənzimləyən vahid bir dövlət qurumumuz yoxdur.
“Azərbaycanda “servis haqqı” daha çox bahalı və yüksək xidmət göstərən restoranlarda tələb olunur. "Fast Food” restoranlarında servis haqqı demək olar alınmır.
Samir Dübəndi restoranlarda ödənilən servis haqqının kimə qalması məsələsinə aydınlıq gətirib. O bildirib ki, bu hər restoranın daxili məsələsidir:
Servis haqqının kimə qalması hər restoranın daxili məsələsidir. Ölkəmizdə restoranlarda əməkhaqqı yüksək deyil. Bəzi restoranlarda servis haqqı personal arasında bölünür. Bu zaman gün ərzindəki məbləğ toplanır. Gün sonu isə bu məbləğ işçilər arasında bölünür. Burda əsas məqam bu haqdan mətbəx işçilərinin almaması və ya nadirən almasıdır. Lakin bu bəxşişdən onlara də nəsə çatmalıdır. Bəzi restoranlarda isə servis haqqı elə o masaya xidmət edən ofisianta düşür. Ümumiyyətlə bu məsələ ilə bağlı Azərbaycanda mədəniyyət formalaşdırılmalıdır”.
Sədr servis haqqının öncədən müştəriyə bildirilməli olduğunu qeyd edib:
“Restoranda servis haqqı tətbiq olunursa, bu barədə müştəriyə öncədən məlumat verilməlidir. Ola bilər ki, müştərinin üzərində artıq pulu olmasın.
“Çay pulu” və servis haqqı ayrı-ayrı şeylərdir. “Çay pulu”nun verilməsi heç bir yerdə əks olunmasa da, servis haqqı sonda təqdim olunan hesablarda əks olunur. Bu ənənə XVI əsrdə İngiltərədə yaranıb. Azərbaycanda da “çay pulu” vermək ənənəsi qədimdir.
Avropanın bir çox ölkələrində bəxşiş hesabın 5-10 faizini təşkil edir. Azərbaycada da bu məbləğ adətən ümumi məbləğin 10 %-ni təşkil edir. Bəzi restoranlarda alınan 20-25 faiz servis haqqı heç də məqsədəuyğun deyil”.
S. Dübəndi son olaraq COP29 ərəfəsində restoranlara diqqətli olmağı tövsiyyə edib:
“Bildiyimiz kimi gələn ay ölkəmizdə COP29 tədbiri keçiriləcək. Artıq indidən ölkəmizdə xarici vətəndaşların sayı xeyli artıb. Restoranlar bu ərəfədə diqqətli olmalıdırlar. Bundan əlavə restoranlar menyuya da fikir verməlidir.
Menyular bir neçə dildə olması arzuolunandır. Azərbaycan daha sonra ingilis və rus dillərində tərtib edilməsi məqsədəuyğundur. Burada önəmli məqəm menyunun 3 dildə də eyni qiymətdə olmasıdır. Bəzən xarici dildə menyu daha baha tərtib olunur. Bundan qaçınmaq lazımdır. Bütün texniki və servis qaydalarına əməl etmək mütləqdir. Belə tədbirlər ölkəmiz üçün xüsusi önəmə malikdir”.
Gülcahan Məmmədova