Poloçularımız İsveçrədə dünya kubokunun sahibi olub

Fərrux Qocamanlı
Poloçularımız İsveçrədə dünya kubokunun sahibi olub

İsveçrənin Sankt Moritz şəhərində Qarüstü Polo turniri başa çatmışdır.

"Operativ Media" xəbər verir ki,  yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil etmişdir.

Komandamız keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasında İsveçrənin “Sankt Moritz” komandası ilə üz-üzə gəlmişdir. Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçmişdir.

Oyunun əsas vaxtı heç-heçə tamamlanmış, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanmışdır.

Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olmuşlar. Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunmuşdur.

Digər xəbərlər