Menyu

Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb
1 dəq oxu

27 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ölkəmizdə səfərdə olan baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi istiqamətində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb.

ISESCO regional ofisinin Bakıda yerləşməsinin Azərbaycanın ICESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyətin diqqətini qlobal çağırışlara yönəltmək, dialoq və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın zəngin mədəni və dini irsinin qorunması, işğaldan azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verilib. ICESCO-nun işğaldan azad edilmiş ərazilərə həyata keçirdiyi missiyanın, habelə Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin tarixi əhəmiyyəti xatırlanıb.

Nazir Ceyhun Bayramov həmçinin 2027-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və bu çərçivədə keçiriləcək tədbirlərə hazırlıq məsələləri, ölkəmizin İƏT sədrliyinin prioritetləri barədə qarşı tərəfə məlumat verib.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələri qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər